"Məndən əvvəl milli seçmə mərhələlərdə yaxşı çıxış etmirdi, motivasiyam bunu dəyişməkdir"

12:45 - 13 İyun 2024

"Ümumi proses haqda danışmğa vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm".

Sportal.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib. Təcrübəli məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb: 

"Danışıqlar prosesində onların layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu kimi məsələlər çox önəmli idi. Bu qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmli idi. Burdayamsa, demək ki, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib. Bu, bu günün və ya sabahın layihəsi deyil. Uzunmüddətli layihədir. Sizlərlə birlikdə biz böyük uğura nail olub, tarix yaza biləcəyik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, mənimlə tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan böyük yarışlara mənimlə birlikdə yollanacaq". 

- Zəngin karyeraya maliksiniz. Azərbaycan yığması FİFA reytinqində 100-lükdə belə deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, qəbul etdiz?

- Cəlbedici təklif oldu. Ona görə də buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq. Motivasiya da oldu.

- Azərbaycan millisini Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiz?

- Doğrudur. Gürcüstan millisinin böyük miqyaslı turnirlərdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf də odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Sizin də dəstəyiniz çox önəmlidir. Xalqın inamı, dəstəyi də, həmçinin. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə burada Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, öıkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik. Ona görə də, ailəmizlə birlikdə burada yaşayacağıq.

- Müqaviləniz üç illikdir. Bu layihəni həyata keçirmək üçün özünüzdə yetərli enerji hiss edirsiz?

- İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik.

- Sizdən qabaqkı millinin baş məşqçiləri daha çox müdafiəmeyilli futbol oynaydıblar. Bəs, sizin rəhbərliyinizdə millidən hücumameyilli futbol izləyə biləcəyik?

- Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son iki oyunun izləmək fürsəti əldə etdim. Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram. Bir çox insanlar statistik göstəricilərə çox önəm verirlər. Amma mən buna diqqət yetirən bilən deyiləm. Həm qol vurmaq, həm də müdafiə olunmaq lazımdır. Bu iki məsələyə diqqət yetirmək lazımdır. Əsas məsələ qələbə qazanmaqdır. Təbii ki, yaxşı oyun da göstərmək lazımdır. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Onlara qələbə qazanmaqla yanaşı, cəlbedici futbol göstərmək istəyirəm. Təbii ki, biz azarkeşləri stadionlara cəlb etmək, qələbə qazanmaq üçün oynayacağıq. Həm də cəlbedici futbol oynamağa çalışacağıq.

- Azərbaycan millisini seçməyinizdə "Beşiktaş" rəhbərliyinin, "Demirören Holding" qrupunun rolu və ya hansısa vasitəçiliyi olub?

- "Beşiktaş" rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır, prezidentlə də dost kimi qaldıq. Onların heç bir vasitəçiliyi olmayıb. Danışıqlar Sərxan Hacıyevlə olub. Aramızda olan danışıqlara əsasən, bu seçimi etmişəm.

- Canni De Byazi uğursuz nəticələr olanda, millimizin zəif olduğunu bildirərək bəhanələr gətirirdi. Siz də bəhanələr gətirəcəksiz?

- Narahat olmayın mən sizi heç vaxt günahlandırmayacam. Əgər uğursuz nəticə varsa, məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır, sizin nə günahınız var? Siz burdasız, öz işinizi görürsüz, işlərimizə şərh verirsiz. Sizin fikirlərinizlə razıyıq ya, yox başqa məsələ, amma hörmətlə yanaşmalıyıq. Bura iş görmək üçün gəlmişik, bəlli hədəflərimiz var. Ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq. 

- Türkiyə millisindən Avropa çempionatında hansı nəticəni gözləyirsiz?

- Bura müqavilə üçün yığışmışıq, amma soruşursuzsa, deyərəm. Mənə elə gəlir ki, Türkiyə Avropada uğurlu çıxış edəcək. Milli komandalarda çalışmışam. Növbəti milliyə təyinat alıram. Ona görə də, hansısa millini müzakirə etmək, məşqçilərin işini müzakirə etmək düzgün deyil.

- Milli komandamızın iki oyununu izləmisiz. Hansı futbolçular diqqətinizi cəlb etdi?

- Çox müsbət keyfiyyətlər gördüm. Texniki olaraq, keyfiyyətli futbolçular var. Fərdi olaraq hansısa oyunçunu qeyd etmək istəməzdim. Düzdür, bəzi oyunlarda fərdi keyfiyyətlər oyununu taleyini həll edə bilər, amma futbol kollektiv oyundur. Kollektiv oyun yaxşı olduqca, nəticə əldə olunur. 28 iyundan yenidən Bakıya gələcəyik, legionerlərimizi izləyəcəyik, yerli liqaya baxacağıq, avrokuboklarda oynayacaq Azərbaycan klublarını diqqətdə saxlayacağıq. Futbolçularla işləyə-işləyə onları daha yaxından tanıyacağıq.

- Uğurlu nəticə qazanmağınız üçün ən yaxın vaxt hansıdır?

- Mümkün qədər tez etməyə çalışacağıq. Amma ortada acı reallıq var. Yaxşı nəticə qazanmaq üçün, bütün şərtləri nəzərə almaq lazımdır. Ən qısa müddətdə uğurlu nəticə qazanmaq istəyərik. Mənim, millinin statistikası var. Burada saxta bir şey deməyə gərək yoxdur, reallıq var. Çalışacağıq ki, daha qısa müddətdə uğur qazanaq.

- Azərbaycan futbolunda tətbiq etmək istədiyiniz strategiya bəllidir? 4 il bunu reallaşdırmağa bəs edəcək?

- Danışıqlar zamanı da qərar gəldik ki, 2028-ə qədər olan müddət həm strategiyamızı, həm də istədiyimizi reallaşdırmaq üçün yetərlidir. Həm Azərbaycan xalqının, həm də AFFA-nın istədiklərini yerinə yetirmək üçün kifayətdir.

Mirbağırağa

 

Xəbər xətti