Bizə tanış adamdı. Əl işini "Qəbələ"də görmüşük. Bölgə klubunu iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımaq elə-belə iş deyil. Qriqorçuk "Qəbələ"də roman yazıb getdi o vaxt.
Bir neçə illik fasilədən sonra qayıdıb. Yeni roman yazmaq ümidiylə! Bu dəfə "Neftçi"də bacarığını ortaya qoymağa çalışacaq. Mutu, Bojoviç kimi avantürist təyinatlardan sonra baş məşqçi postuna Roman Qriqorçukun gətirilməsi gözlənilməz oldu. Nə əcəb, nə gözəl!
Qriqorçuk geniş təqdimata ehtiyacı olmayan mütəxəssisdir. "Qəbələ"dəki işiylə o qədər xoş təəssürat qoyub ki, onu yenidən Premyer Liqamızda görmək sevinclidir. "Neftçi" azarkeşləri yeni mövsümün başlamağını intizarla gözləyəcəklər.
"Neftçi" rəhbərliyinin seçimini alqışlamaq lazımdır, özü də ayaq üstə. Lakin pozitivlik fonunda düşündürücü bir məsələ də var. Türk baş icraçı direktor, isveçli idman direktoru, ukraynalı baş məşqçi, yan-yörədə bizimkilər. Bir az qarışıq alınır elə bil. Fərqli mentalitetlər, müxtəlif futbol baxışları, bir-birinə bənzəməyən xarakter sahibləri.
Adam nəs gətirmək istəmir. Qriqorçuk da bacarmasa, "Neftçi"ninki Allaha qalacaq. Ukraynalını biz də yaxşı tanıyırıq. Sərt təbiəti var. Heç kim ona şərtlərini diqtə edə bilməz. Özünün doğru bildiyi yolla gedəcək. Əsas odur ki, ona dəstək olsunlar. Qriqorçuk "Qarabağ"ı da, Premyer Liqamızı da beş barmağı kimi tanıyır. Ukraynalının ölkəmizdə yeni roman yazması üçün yaxşı imkan var.
Həmid
saytlarin hazirlanmasi