Polşa klubunda oynamış azərbaycanlı: "Sabah"dan "Sumqayıt"a keçməyim ən böyük səhvlərdən biri idi" - MÜSAHİBƏ

13:49 - 4 İyul 2024

"Zirə", "Sabah", "Sumqayıt", "Səbail" klublarında oynadıqdan sonra Polşaya yollanan və "Limanoviya" klubunda legioner həyatı yaşayan Elgün Nəbiyev artıq aktiv futbolçu karyerasını başa vurub. Sportal.az saytına müsahibə verən Nəbiyev futboldan uzaq düşməsinin səbəblərindən də söz açıb. 

- Futbolçu karyeranı başa vurduqdan sonra hazırda nə işlə məşğul olursan?

- Hazırda şəxsi biznesim var. Elə onunla məşğulam. Şükür Allaha, hər şey çox yaxşı gedir. Mən indi məhz öz şəxsi işlərimlə məşğulam.

- Maraqlıdır ki, son dəfə Polşada "Limanoviya"da legioner həyatı yaşadın. Niyə birdən-birə karyeranı başa vurmaq qərarına gəldin? Zədə, yoxsa şəxsi məsələlər mane oldu?

- Polşada çempionat başa çatdı və mən də İstanbula qayıtdım. Türkiyədə yaşayıram. "Limanoviya" onlarla yeni müqavilə imzalamağımı istəyirdi. Hətta Polşada başqa bir neçə klubla danışıq aparırdım. Sonra elə oldu ki, viza alanda balaca problemlər yaşandı. Düşündüm ki, qismət belə imiş və öz işimə fokuslanım. Yaxşı ki, elə öz işimlə məşğul olmuşam. 

- Bildiyim qədərilə, Türkiyədə yaşayırsan, orada şəxsi biznesin var. İndi necədir durum? Bakıya qayıtmağı planlaşdırırsan?

- Bəli, hazırda İstanbuldayam. Xeyr, Bakıya qayıtmaq fikrim yoxdur. Ancaq dost-tanışın xeyir işləri olanda Bakıya gəlirəm. O da 3-4 günlük. Daha sonra qayıdıram və şəxsi biznesimə elə nəzarət edirəm.

- Polşaya yollananda yəqin ki, qısa vaxtda yuxarı liqaya kimi yüksəlməyi xəyal edirdin? Səncə, Polşada aşağı liqadan başlayaraq, bir neçə il ərzində Esktraklassa qədər yüksəlmək mümkündür? 

- Əlbəttə ki, Polşaya yollananda karyeramda uğurlu nəticə qazanmağı düşünürdüm. Yaxşı alınırdı. Sadəcə dediyim kimi, sənəd məsələlərinə görə qayıda bilmədim.

- Azərbaycan klublarından səninlə heç maraqlananlar oldu? 

- İki ildir ki, futboldan uzaq qalmağıma baxmayaraq, qışda Azərbaycanın Birinci Liqa klubundan təklif gəlmişdi. Amma öz işlərimə görə Bakıya qayıtmaq istəmədim. Öz işlərimin üzərində dayandım.

- "Zirə", "Sabah", "Səbail" , "Sumqayıt" kimi komandalarda oynamısan. Necə düşünürsən, bu dörd klubun hansında daha çox oynaya bilərdin və necə düşünürsən, hansı səhvinə görə bu dörd komandadan birində möhkəmlənə bilmədin? 

Məncə, "Sabah"da oynayarkən ən böyük səhvlərimdən birini etmişəm. Elə oradan ayrılaraq "Sumqayıt"a keçməyim ən böyük səhvlərdən biri idi. Verilən boş vədlə, sözlər....

- Maraqlısı orasındadır ki, üç sabiq komandadandan biri son mövsümdə - "Zirə" ikinci pilləni tutdu, "Sabah" və "Sumqayıt" da avrokuboklara vəsiqə qazandı. Bu üç klub o vaxtdan bu yana daha da güclənib?

Düzünü desəm, çox tez-tez futbola baxmıram. Çünki öz işlərim var və biznesimə daha çox fokuslanıram. Amma Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə"ni və "Sabah"ın daha yaxşı yerlərdə olmasını səmimi qəlbdən istəyirəm. Futbol maddi olaraq mənə heç nə qazandırmasa da, mənəvi olaraq çox gözəl dostlar və çox yaxşı qardaş qazandırıb. 

Mirbağırağa

Xəbər xətti