"Adil Şükürov məni tanımır, onun gətirdiyi futbolçuların heç biri məndən güclü deyil"

14:23 - 10 İyul 2024

"İmişli"yə icarəyə göndərilməmişdən qabaq Adil Şükürovla danışmışdım. Ondan məni niyə icarəyə göndərdiklərinin səbəbini soruşdum, lakin heç nə deyilmədi. Axı futbolçuya səbəb deyilməlidir ki, ondan da dərs çıxarsın. Bilsin ki, nəyin üzərində çox işləməlidir. Heç nə bildirilmədi. “İmişli”yə gedəndə isə bildirdi ki, əlaqədə olacağıq, izləyəcəyik. Bu komandaya Birinci Liqada kömək oldum. Amma nə Adil Şükürov, nə də köməkçisi bir dəfə olsun zəng edib mənimlə maraqlandı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Elnur Cəfərov deyib. Ötən mövsüm, Gəncə klubuna məxsus olsa da, Adil Şükürovun gəlişindən sonra “İmişli”yə icarəyə göndərilən millimizin sabiq üzvü komandada yer alanlardan zəif olmadığını deyib:

"Mən heç “Kəpəz”dən ayrılmaq istəmirdim. Amma mənə dedilər ki, əsas komandada olmayacaqsan, əvəzedici heyətə qoşularsan. Onda da həvəsdən düşdüm, bildim ki, məni komandada görmək istəmirlər. Ancaq əvəzedici heyətdə oynamaqdansa, Birinci Liqada forma geyinməyə üstünlük verdim. Adil Şükürov müsahibəsində deyib ki, Premyer Liqada oynayacaq gücdə deyiləm, hazır da deyiləm. Amma indi Premyer Liqada oynayan oyunçuların heç birindən zəif deyiləm. Sadəcə Şükürov öz tanıdığı, bildiyi oyuçuları komandaya gətirir. Onun belə deməsi də məni həvəsdən salmaqdır. Futbolçunu sındırmaq asandır. Bu gün mənə qarşı belə hərəkət edirsə, sabah başqa futbolçulara qarşı fərqli hərəkət edəcək.

Halbuki mövsümün gedişində oynayırdım, oyun praktikam da var. Azərbaycan futboluna məni Azər Məmmədov qaytardı, komandaya xeyir də verirdim. Lakin Adil Şükürov dedi ki, sənə şans verməyəcəm. Futbolçunu sındırmağa nə varki? O, belə deyəndə, açığı ağlıma başqa şeylər gəldi. “Kəpəz”ə gələnlər var...Ad çəkmirəm. Onlar da mənim potensialımı, istedadımı yaxşı bilirlər. Ad çəkmirəm ki, kiminsə xətrinə dəyməsin. Özümü kimdənsə, nə artıq, nə də əskik hesab edirəm. Azər Məmmədovun vaxtında Junior Martins, Mate Kvirkviya kimi futbolçularla əsas heyətdə uğrunda rəqabət aparırdım. Adil Şükürovun gətirdiyi futbolçuların heç biri məndən güclü deyil. Ola bilər ki, məni tanımır, potensialıma bələd deyil. Gətirdiyi oyunçuların heç biri məndən güclü deyil. “İmişli”yə göndəriləndə, fikirləşdim ki, görəsən ona kim deyib ki, "oğlumu komandaya gətir?" Azərbaycanda futbolçu qıtlığlıdır. Ölkəmizdə mənim kimi futbolçulara qayğı lazımdır, bizim kimi oyunçuları qazanmaq gərəkdir. Onu da Azər Məmmədov kimi insan etmişdi, məni futbola qaytarmışdı. Mənə çox inandı və əlimdən gələni edirdim. Oynayırdım da. Bəzi nüanslarda bəxtim gətirmirdi. Allah qoysa, xeyirlisi olsun. Bilirəm ki, mənə güvəniləcəyi təqdirdə, həmin komanda üçün ən yaxşısını etməyə gücüm çatar".
 

Xəbər xətti