"Araz-Naxçıvan" braziliyalı oyunçu transfer etdi

14:32 - 12 İyul 2024

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb.

Sportal.az xəbər verir ki, ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb. Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Məlumat üçün qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

Xəbər xətti