"Hər şey yaxşı getsə belə, "Neftçi"nin bu mövsüm "Qarabağ"ın öhdəsindən gələ biləcəyini düşünmürəm"

15:59 - 13 İyul 2024

Futbol eksperti Aslan Kərimov Sportal.az saytına açıqlama verib.

Azərbaycan milli komandasının sabiq üzvü "Neftçi" haqda fikirlərini bölüşüb. 51 yaşlı mütəxəssis Roman Qriqorçukun "ağ-qaralar"ın baş məşqçisi postuna təyinatını şərh edib. Onun fikrincə ukraynalı məşqçi "Neftçi" üçün doğru seçimdir:

"Qriqorçuk Azərbaycanı tanıyan, uzun müddət burada işləyən, təcrübəsi olan məşqçidir. İndiyə qədər "Neftçi"yə gətirilən məşqçilərdən daha yaxşıdır. Uğur qazanıb-qazanmayacağını demək çox çətindir. Çünki bu, yalnız məşqçinin üzərinə düşən iş deyil. Ukraynalı mütəxəssisin "Qəbələ"də qazandığı uğurlarda əsas faktorlardan biri maliyyə tərəfi idi. Transfer məsələsini qeyd edərdim. Onun uzun müddət transfer etmək imkanı var idi. Xoşuna gəlməyəni göndərib yenisini ala bilirdi. "Neftçi"də bunu nə dərəcədə reallaşdıra biləcəyini deyə bilmərəm. Bütün bunlar onun "ağ-qaralar"da uğur qazanması üçün faktorlardır. Hər halda Qriqorçuk təcrübəsi olan biridir. Bütün bunlar olduğu təqdirdə uğurlu nəticələr əldə edə bilər".

Aslan Kərimov"Neftçi"nin "Qarabağ"ın hegemonluğuna son qoya bilmək ehtimalı haqda da danışıb. Aslan bəyin sözlərinə görə, bu, hazırda real görünmür:

"Hər şey yaxşı getsə belə, "Neftçi"nin bu mövsüm "Qarabağ"ın öhdəsindən gələ biləcəyini düşünmürəm. Keyfiyyətli oyunçular gətirmək hələ heç bir şey demək deyil. Onların oynaması, komandada püxtələşməsi lazımdır. "Qarabağ" özü də birdən-birə bu yerə gəlməyib. Klub illərdir bu istiqamətdə yol qət edərək indiki səviyyəyə gəlib çatıb. Roman Qriqorçukun "Qələbə" ilə "Qarabağ"a qalib gəldiyi illərdə belə hər şey birdən-birə olmamışdı. Onlar da yavaş-yavaş həmin səviyyəyə çatmışdılar. Hər şey yaxşı getdiyi halda "Neftçi" bəlkə bir neçə ilə "Qarabağ"ı üstələyə bilər".

Futbol eksperti "Neftçi" ilə müqavilə imzalayacağı gözlənilən Ramil Şeydayev haqda da fikirləri bölüşüb. O, millimizin üzvünün paytaxt təmsilçisi üçün uğurlu transfer olacağını deyib:

"Ən azından indi çıxış etdiyi yerdən daha yaxşı yerə gəlir. Türkiyə I Liqasında çox oynamırdı. "Neftçi"də mütəmadi şəkildə meydanda olduğu halda bu, onun üçün artım ola bilər. Ramil Şeydayev özünü təsdiqləmiş futbolçudur. Sadəcə milli komandada formada olmaq baxımından daim oynamalıdır. Məncə, bu transfer həm "Neftçi", həm Ramil Şeydayev, həm də milimiz üçün uğurlu olacaq".

Elçin Əlixan 

Xəbər xətti