Azərbaycan millisinin sabiq forvardı, Latviyada yaşayan Vüqar Əsgərov bu ölkənin "Qrobina" klubunda oynayan Nazim Məmmədzadə haqda danışıb.
Sportal.az saytına açıqlama verən veteran forvard Məmmədzadənin performansını dəyərləndirib: "Qrobina" yeni komandadır. Yaxşı baş məşqçisi var. Nazimə dedim ki, get və özünü göstər. Yeri gəlmişkən, bu kluba maliyyəni də Liepayadan olan azərbaycanlı qarşılayır. Məncə, Nazim üçün çətin olmayacaq. Artıq bir neçə matçda da meydana çıxıb. Özünü yaxşı tərəfdən göstərib. Gələcəkdə necə olacağını zamanla görəcəyik. Məncə, Latviyadakı karyerası yaxşı alınacaq. Azərbaycanlılar arasında Latviyada karyerası yaxşı alınanlardan biri mənəm. Ona uğurlar arzulayıram və fikrimcə, heç bir problemi olmayacaq".
Əsgərovun fikrincə, həmyerlimiz özünü yaxşı tərəfdən göstərərsə, daha iddialı çempionatlara yollana bilər. Bununla yanaşı, Azərbaycan millisinə dəvət olunması da mümkündür: "Latviyada özünü göstərdikdən sonra Polşa, İsveç və ya digər Skandinaviya ölkələrinə yollana bilər. Hər şey özündən asılıdır. Əsas odur ki, əvvəllər bura gəlmiş azərbaycanlılar kimi arxayınlaşmamalıdır. Yalnız futbol haqda düşünüb, yaxşı da məşq etməlidir.
Latviyada yaxşı performans göstərərsə, nəticələr də yaxşı olsa, Azərbaycan millisinə də dəvət edilə bilər. Həyatda hər şey mümkündür. Məni Azərbaycan millisinə Latviya klubundan dəvət etmişdilər. Düzdür, o vaxtı Latviya çempionatı daha güclü idi. İndi də hər şey özündən asılı olacaq. Əsas odur ki, məşqlərini etsin, çalışsın və sonrası daha yaxşı olacaq".