"Bəlkə gələcəkdə yenidən "Kəpəz"də oynamaq imkanım oldu" - MÜSAHİBƏ

20:23 - 21 İyul 2024

"Kəpəz"dən ayrılaraq İndoneziyanın "Persita" klubuna keçən İqor Rodriqes Sportal.az saytına müsahibə verib.

- "Kəpəz"də qalacağın gözlənilirdi, amma bu baş vermədi. Niyə "Kəpəz"də qalmadın, maliyyəyə məsələsi səbəb oldu?

Əslində bir neçə dəfə "Kəpəz"lə müqavilə müddətinin yenilənməsi ilə bağlı söhbətlər olmuşdu. Amma o vaxtkı digər təklifləri də nəzərə alaraq risk edib başqa yola getdim. İndoneziyaya yollanmaq qərarına gəldim. Yeni macəradır, yeni komandama kömək olmağa çalışacam.

- "Persita"da daha çox pul qazanacaqsan? Səncə, orada perspektiv var?

İndoneziyaya gəlişim fərqli çağırışdır. Fərqli mədəniyyətlə tanış oluram. Uzunmüddətli perspektivdə yeni futbol bazarlarına daxil olmaq fikrim var. Digər növ çempionatlarda öz performansımı nümayiş etdirmək imkanım da var. İndi isə "Persita"da çıxışıma fokuslanacam. Daha sonra necə olacağını görəcəyik. 

- Maraqlıdır ki, “Kəpəz”lə yanaşı, “Turan Tovuz”un da səni istədiyi bildirilir. Ümumiyyətlə, Azərbaycan klublarından təklif almışdın? Daha iddialı klublardan daha yaxşı maliyyə təklifi gəlsəydi, yəqin ki, Azərbaycanda qalacaqdın?

Azərbaycanın digər klublarından da marağın olması ilə bağlı söhbətlər var idi. Əgər həqiqətən də maliyyə, peşəkarlıq və gələcəyə perspektivli təklif olsaydı, Azərbaycanda qalmağa razı idim. “Persita” mənə hər şeyi təklif etdi. Ona görə də çox da gözləmək istəmədim.

- Ötən mövsüm “Kəpəz”də çıxış edən legionerlərin çoxu komandadan ayrıldı. Niyə belə oldu? "Kəpəz" aşağı məbləğ təklif edirdi?

- Digər futbolçularla bağlı bir söz deyə bilmərəm. Mən yalnız özüm haqda danışa bilərəm. “Kəpəz” məni saxlamaq üçün səy göstərdi. Buna görə çox sevindim. Bu klubdakılarla münasibətim yaxşıdır. Bəlkə gələcəkdə yenidən "Kəpəz"də oynamaq imkanım oldu. Bu komandaya uğurlar arzulayıram.

- Azərbaycan Premyer Liqası, Azərbaycan futbolu, "Kəpəz" yaddaşında necə qalacaq?

- Yalnız xoş sözlər deyə bilərəm. Ötən mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Çox çətin olsa da, bu işin öhdəsindən gəldik. "Kəpəz" də böyük, tarixi olan klubdur. Azarkeşlərimiz də bizə hər zaman dəstək oldu. "Kəpəz"in heyətində meydana çıxdığım bütün oyunları da həmişə xatırlayacam.

Mirbağırağa

Xəbər xətti