Azərbaycanlı futbolçu Kvaratsxeliyaya qarşı oynadı: "Formalarımızı dəyişmədik, belə niyyətim də yox idi"

12:02 - 1 Avqust 2024

Yayda Albaniyanın "Eqnatiya" klubuna keçən Zamiq Əliyev komandanın aparıcı üzvünə çevrilə bilib. Avropa Liqasının təsnifat mərhələsində çıxış edən Albaniya çempionu iki gün əvvəl yoxlama görüşündə "Napoli" ilə üz-üzə gəlib. Əliyevin komandası bu görüşdə İtaliya klubuna 0:4 hesabı ilə uduzub. O, Sportal.az saytına açıqlamasında həmin oyundan danışıb:

"Bəli, bilirəm ki, ötən mövsüm də "Eqnatiya" "İnter"lə yoxlama görüşündə üz-üzə gəlib. Komandada yeni olduğum üçün bu oyunların təşkili ilə bağlı dəqiq məlumatım yoxdur. Yəni, bu haqda bir söz deyə bilmərəm.Amma böyük klublara qarşı oynamaq hər zaman xoşdur. Hətta yoldaşlıq görüşü olsa da. Məğlub olsaq da, çox maraqlı oyun alındı. "Napoli" kimi rəqibə qarşı oynamaq hər zaman çətindir. "Napoli"nin heyətində ulduz futbolçular çıxış edir. Həqiqətən də, mənim üçün çox yaxşı təcrübə oldu. Düşünmürəm ki, avrokuboklarda oyunumuz var deyə, çətin olacaq. Çətinlik olmayacaq, bərpa olacağıq".

Zamiq "Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya ilə salamlaşdığını, amma forma dəyişdirmədiklərini deyib: "Bəli, Xviça ilə də qarşılıqlı oynadıq. Onunla sadəcə salamlaşdıq. Amma formalarımızı dəyişdirmədik. Düzü, belə niyyətim də yox idi. "Napoli"nin heyətində ulduz futbolçular çıxış edir. Bu cür oyunlar insana xoş hisslər yaşadır".

Mirbağırağa

Xəbər xətti