Roman Qriqorçuk: "Pis oynadığımızı deyə bilmərəm"

21:12 - 3 Avqust 2024

"Neftçi" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Heç-heçə oynadıq. Bu, bizim üçün pozitiv nəticə deyil. Mən razı deyiləm. "Neftçi" böyük tarixi, böyük adı olan komandadır. Təbii ki, öz evimizdə qalib gəlməliyik. Bunun üçün cəhd göstərəcəyik.

- Oyundan necə, razı qaldınız?

- Deyə bilmərəm ki, nəticədən razı deyiləm, amma əla oynadıq. Pis oynadığımızı da deyə bilmərəm. Biz yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı, indi başqa cür danışardıq.

- Komanda son 5-6 dəqiqədə kifayət qədər artırmışdı. Bunu 15-20 dəqiqə qalmış etmək olmazdı?

- Biz istəyirdik ki, 90 dəqiqədə edək. Amma təəssüflər olsun ki, vaxt da çatmadı. Razıyam ki, bu cür son dəqiqələrdə yox, bütün oyunboyu oynamaq lazımdır. Xüsusilə də, evdə, öz azarkeşlərimizin qarşısında ilk dəqiqədən sona qədər belə oynamaq gərəkdir.

- Özünüz nə hisslər keçirdiz? Azərbaycan çempionatında nələr dəyişib?

- Bütün bu illərdə Azərbaycandan uzaq olduğumu hiss etmirdim. Çünki daim jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım.

- Qazonu görəndən sonra gəlməyinizə peşman olmadız?

- Meydança haqda kritik fikirlər bildirmək istəmirəm. Çünki obyektiv səbəbləri var. Mən hamıya deyirdim ki, "Bakcell Arena"nı çox sevirəm. Burada "Qəbələ" ilə oynayırdıq. Meydança əla olurdu. İstəyərdik ki, ot örtüyü daha da yaxşı olsun.

- Hücum xəttinin effektivliyi barədə nə düşünürsüz? 

- Bu xətti daha da rəqabətli etmək istəyirik. Hücum xəttinə keyfiyyətli oyunçular əlavə etmək niyyətindəyik. Bu addımı atsaq, komanda hücumda daha effektiv olacaq.

- "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk oyunu izləyənlər arasında idi. Onunla danışmısız?

- Kaşukla şəxsən tanış deyiləm. Onunla danışmamışıq. Bilirəm ki, Kaşuk yüksək səviyyəli, yaxşı oyunçudur. Ona ancaq salamlarımı çatdıra bilərəm.

Mirbağırağa

Xəbər xətti