Müxtəlif ölkələrdə bənzər aqibətlər yaşayan iki klub deməli olsaq, "Neftçi" ilə Moskva "Spartak"ını yanaşı qoymaq mümkündür. Hər ikisi ölkəsində "xalq komandası" sayılır. Bizim üçün SSRİ vaxtı "Neftçi" nə olubsa, ruslar üçün də "Spartak" eyni əhəmiyyəti daşıyıb. İkisi də müstəqillik illərinin əvvəllərində çempionluqları sıralayıb, ikisi də sonradan iddiasını itirməyə başlayıb. İkisi də iri neft şirkəti tərəfindən maliyyələşir - "Neftçi"nin təsisçisi "SOCAR", "Spartak"da isə "Lukoyl"dur. Moskva klubuna Unai Emeri, Murat Yakın, Domeniko Tedesko kimi tanınmış məşqçilər gəlsə də, "Spartak" düzəlmir ki, düzəlmir. "Neftçi" də eynən...
Roman Qriqorçukun "Neftçi"yə gəlişinə sevinənlər çox oldu. Klub rəhbərliyinin son illərdə baş məşqçi postuna uğursuz təyinatlarından sonra nəhayət ki, əvvəllər "Qəbələ"də iş başında gördüyümüz, ölkə futbolunda ciddi qəbul olunan personaya tapşırıldı komanda. Lakin "Neftçi" sevərlər yaxşıya kökləndiyi vaxtda kiçik "qəza" baş verdi. "Neftçi" ilk iki turda qələbə qazana bilmədiyi üçün azarkeşlər ayağa qaxdılar, futbolçulardan hesab sormaq istədilər, nəticədə insident yaşandı, klub ətrafında yenə xoşagəlməz müzakirələr başlandı.
Etirazlar anlaşılandı. Əksəriyyət "Neftçi"nin 2 tura 6 xal qazanmağını gözləyirdi. Bunun qarşılığında isə cəmi 2 xala qəbullanmaq çətindir, azarkeşlər həzm eləyə bilmirlər. Amma etirazlar üçün çox tez deyilmi?
Deyəcəklər ki, bu, iki turun yox, çoxdan yığılan əsəbdir. Bəli, narazılıqlar köhnədən qalandı, amma Roman Qriqorçuk yeni gəlib. Əvvəl baş verənlərin onunla heç bir əlaqəsi yoxdur. Qriqorçuk yeni səhifədən başlayır, buna görə də, köhnə dəftəri qapatmaq lazımdır.
"Turan Tovuz"la da, "Səbail"lə də "Neftçi" ondan gözlənilən oyunu ortaya qoya bilmədi. Hərçənd, birinci matçla müqayisədə ikincidə müəyyən canlanma hiss olunurdu komandanın oyununda. Qriqorçuk deyir ki, zamanla düzələcək. Təcrübəli adamdır. Düzələcək deyirsə, bildiyi bir şeylər vardır hər halda!
Roman Qriqorçukun "Neftçi"yə gəlməsini istəyənlər onun "Qəbələ"dəki işinə vurulanlardı. Burada ciddi bir nüans nəzərdən qaçmalı deyil ki, ukraynalı mütəxəssisə "Qəbələ"də azarkeş təzyiqi olmayıb. Rahat-rahat işini görüb, bölgə klubunu ardıcıl iki dəfə Avropa Liqasında qruplara daşıya bilib. Deməli, səbirli olub, dəstək göstərmək lazımdır. Yoxsa, o da Regekampf, Mutu, Bojoviçin arxasınca gedəcək, "Neftçi" yenə olduğu yerdə qalacaq...
Həmid
saytlarin hazirlanmasi