Yeni format, səlis nitq - "Neftçi"də yaşananlar Rüstəm Əfsərlinin diliylə

23:50 - 21 Avqust 2024

Bu gün "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərlinin iştirakı ilə mətbuat konfransı keçirilib. Ölkənin sayılıb-seçilən idman jurnalistlərindən olan Əfsərli bu dəfə klub funksioneri kimi çıxıb həmkarlarının qarşısına. 

Əslində, "Neftçi" belə görüşlərin ənənəsini hələ ötən mövsümdən qoyub. Fərq ondadır ki, keçən mövsüm medianın qarşısına cümləni cümləyə calamaqda çətinlik çəkən futbolçular çıxırdısa, bu dəfə "Neftçi"nin sözünü xiridarın dilindən eşitmək zövqünü yaşadıq. 

Rüstəm Əfsərlini dinləmək, onun klubda baş verənləri anlaşılan şəkildə çatdırmaq tərzinə baxmaq xoş görüntüydü. Bəlkə də hər klubun rəhbər postlarında futbolu yaxşı bilən, həm də fikirlərini belə səlis çatdırmağı bacaran kadrlara ehtiyac var. 

Həmkarlarımızın ilk sualı media qarşısına nə üçün Rüstəm Əfsərlinin çıxması ilə bağlı oldu. Hesabat masasında onu yox, icraçı direktoru, idman direktorunu görmək istəyənlər də var idi. Lakin Əfsərli kiçik cavabla böyük həqiqəti xatırlatdı mətbuat nümayəndələrinə. "Neftçi"də klubun mövqeyini ondan və digər həmkarımız Asəf Zeynallıdan daha yaxşı kim ifadə eləyə bilər ki...

Təxminən bir saat davam eləyən mətbuat konfransında demək olar ki, hər şeydən danışıldı. İnfrastruktur, klub quruculuğu, transferlər, komandanın çıxışı və s. məsələlər müzakirə olundu. Bu məqamda bir məsəl yadıma düşdü - yatanı oyatmaq olar, vay özünü yuxuluğa vuranın halına. Rüstəm Əfsərli çıxışında mövcud problemlərə və çatışmazlıqlara çox düzgün yanaşma sərgilədi. Bununla göstərdi ki, rəhbərlik özünü "yuxuluğa vurmur", hər şeyin fərqindədir, bizim kimi onlar da axsaqlıqları görürlər. Elə Rüstəm Əfsərli kimi peşəkarlar da bu problemləri aradan qaldırmaq üçün gəliblər "Neftçi"yə. 

Elan olundu ki, belə görüşlər davamlı olacaq. Bəlkə həftədə bir dəfə, bəlkə ayda bir neçə dəfə. Saydan çox format daha vacibdir. İndiki daha uğurlu, daha informativ, daha maraqlıdır. Klubda baş verənləri Rüstəm Əfsərli kimi futbol ekspertinin dilindən eşitmək "Neftçi"dəki mövcud durumla bağlı maraqlı veriliş izləmək kimi bir şeydir. Maraqlı layihədir, davamlı olsun! 

Həmid

Xəbər xətti