İsgəndər Cavadov: "Kəpəz" faktiki olaraq yiyəsiz klubdur"

17:31 - 24 Avqust 2024

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov "Kəpəz"in cari mövsüm Azərbaycan Premyer Liqasındakı çıxışını şərh edib.

Sportal.az xəbər verir ki, Azərbaycan futbolunun əfsanəsi Azerisport.com-a açıqlamasında bunları deyib:

"Uğursuz nəticələrin əsas səbəbi maliyyə dəstəyinin olmamasıdır. Yeni stadion tikildiyi bir vaxtda komanda neytral meydanda oynayır. Ötən mövsüm başa çatandan sonra, demək olar, bütün yaxşı futbolçuları maliyyə dayaqları daha güclü olan klublara üz tutdular. "Kəpəz" heç kimə lazım deyil. Faktiki olaraq, Azərbaycan futbolunun yiyəsiz klubudur. Təəssüf ki, ölkənin ikinci böyük şəhərinin komandası bu vəziyyətdədir. Yeni stadionun tikilməsi sevindirici xəbərdir, amma qorxuram ki, arena hazır olanda "Kəpəz" artıq 1-ci Liqada çıxış edəcək. Kluba yardımın göstərilməsi üçün çoxlarına müraciət etmişəm, lakin heç kim razılaşmadı.

İndiki vəziyyətdə baş məşqçini nədəsə günahlandırmaq insafsızlıq olardı. Adil Şükürov yaxşı mütəxəssisdir. Ötən mövsüm də bunu sübut edib. Şərait yoxdursa, baş məşqçi nə edə bilər? Bütün çətinliklərə baxmayaraq, komandanın elitada yerini qoruya biləcəyinə ümid edirəm".

Qeyd edək ki, "Kəpəz" bu mövsüm 4 turdan sonra çempionatda xala və qola həsrətdir.

Xəbər xətti