"Zirə" Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiprin "Omoniya" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyunda böyük hesabla məğlub olmuşuq. Oyuna fərqli atmosferdə, ab-havada hazırlaşmaq istəyərdik. Hələ də məyusluğumuz var. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə bizim üçün pozitiv olsun. Qələbə qazanmaq çox vacibdir. Son oyuna qədər avrokuboklarda çıxışımız uğurlu alınırdı. Sabah komandamdan əzmkar, aqressiv, baxımlı oyun gözləyirəm.
- İlk oyundakı böyükhesablı məğlubiyyətin şokunu üzərinizdən ata bilmisiz?
- Üç gün ərzində iki məğlubiyyət almışıq. Həmin oyunlardan gözləntilərimiz o deyildi. Amma futbolun gözəlliyi ondadır ki, hər şey sənin gözlədiyin kimi olmur. "Omoniya" ilə matçda buraxdığımız qollara baxanda görürsən ki, bu, biz deyildik. Həmin gün bizim üçün bu mövsümün ən uğursuz oyunu oldu. Ola bilər ki, rəqib bizdən daha yaxşı oynayırdı. Amma görünür ki, həyəcan, erkən buraxılan qolların məyusluğu təsir etdi. Kollektiv olaraq həmin oyunları unutmuşuq, önümüzə baxırıq. Məyusluğun olması normaldır. Tam olaraq sabahkı oyuna köklənirik. Qələbə qazanmaq çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, ilk oyundakı nəticəni unutduraq.
- Sabah möcüzəyə inanırsınız?
- Əsas düşüncəmiz ondan ibarətdir ki, hər top uğrunda mübarizə aparaq. Hər şey bizim üçün uğurlu alınsa, sona qədər mübarizə aparmaq istəyirik.
- Pley-offa yüksəlməyi məşqçilik karyeranızda zirvə hesab edirsiz?
- Çempionatda ikinci yer də asan əldə olunmadı. Rəqiblərimizin hansı səviyyədə olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, həm Premyer Liqada ikinci yer, həm də pley-off məşqçilik karyeramın zirvəsidir.
- "Qarabağ"ın "Dinamo" ilə oyunda şanslarını necə dəyərləndirirsiz?
- Şansları bərabər dəyərləndirirəm. "Qarabağ" səfərdə qələbə qazansaydı da, belə dəyəcəkdim. Vacib olan səfərdəki oyunu təkrarlamaqdır. Rəqibin necə oynayacağından da çox şey asılıdır. Bir çox insanlar kökləniblər ki, ilk qolu 15-20-ci dəqiqədə vurmaq lazımdır. Amma "Qarabağ" 60-cı dəqiqədə fərqlənsə belə, oyunu çevirmək şansı olacaq. Onlara uğurlar arzulayıram.
Elçin Əlixan
saytlarin hazirlanmasi