"Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski Sportal.az saytına müsahibə verib.
- "Neftçi" 5 turdur ki, qələbə qazana bilmir. Halbuki, komanda son turda Premyer Liqaya birinci liqadan qayıtmış "Şamaxı" ilə qarşılaşırdı. "Neftçi"nin həmin matçda rəqibi ilə 0:0 oynamasını necə dəyərləndirirsən?
- Yeni sezon artıq başlayıb və 5 tur keçib. Lakin "Neftçi"də yeni heç nə etməyiblər. Çox təəssüflər olsun ki, "Neftçi" kimi komanda Birinci Liqadan gələn komandanı belə, uda bilmir. Nə deyim, bilmirəm.
- "Neftçi"də yeni transferlər az deyil. Amma onlar özünü göstərə bilmir. Roman Qriqorçuk isə vaxta ehtiyac olduğunu bildirib. Səncə də, belə olduğunu düşünürsən?
- Təbii ki. zaman lazımdır. Amma zaman yetmir, vaxt gedir. Hər mövsüm vaxt tələb olunur. Vaxt, vaxt, vaxt...Vaxtı ilə mən "Neftçi"yə gələndə də, yeni komanda idik. Amma Arif Əsədov və rəhbərlik komanda yaratdılar və biz dərhal çempionluq qazandıq. Həmin anları yaxşı xatırlayıram.
- Milli komandanın oyunlarına görə çempionata iki həftəlik fasilə veriləcək. Səncə, bu müddətdə nəsə düzələcək, yoxsa "Neftçi"də heç nə düzəlməyəcək? Bu komanda üçün yeni və yaxşı yol görünür?
- Yəqin ki, bu son şans olacaq. Əgər bundan sonra da nəticə olmayacaqsa, dərhal nəyisə dəyişmək gələcək. Necə olacaq, nələr dəyişməlidir...Zaman göstərəcək. Gözləyək, baxarıq.
- Roman Qriqorçukun təyinatından sonra "Neftçi"də işlərin qaydasına düşəcəyini ehtimal edirdin? O, "Qəbələ"də işləyib və liqanı yaxşı tanıyır...
- Bəli, Roman Qriqorçukun "Qəbələ"də işlədiyini bilirdim. Açığı, mən də onun işin öhdəsindən gələcəyini düşünürdüm. O, "Qəbələ"də işləyib, bu klubun baş məşqçisi kimi çempionluq mübarizəsində yer alıb. Ancaq "Neftçi"də işləmək daha ağırdır.
- Bu yaxınlarda komandanın legioneri Ervin Koffi ilə azarkeşlər arasında mübahisə yaşanmışdı, amma sonradan klub onu bağışladı. Həmin məsələdən xəbərdarsan?
- Əlbəttə ki, onu qovmaq lazım idi. Sən "Neftçi" fanatlarına qarşı necə bu cür davrana bilərsən? Koffi hara gəib? Biz kimlər üçün futbol oynayır? Kim azarkeşlik edir? Bunları anlamaq lazımdır.
- Yeri gəlmişkən, sənin də yaxşı tanıdığın, sizin ölkənizdə "Şkupi"də oynamış Dembo Darbo "Neftçi"yə keçib. Ondan gözləntilər yüksəkdir. Səncə, "Neftçi"nin yeni qol ümidi ola bilər?
- Düzü, Darbo "Şkupi"də, Şimali Makedoniya çempionatında yaxşı oynamışdı. Amma indi yeni komandaya keçib. Necə olacaq, "Neftçi"də özünü necə göstərəcək, onu zamanla görəcəyik. Yaşayaq, baxarıq. Bircə onu bilirəm ki, mən "Neftçi"də oynamışam və ora hər zaman xüsusi sevgi ilə yanaşmışam. Başqa klublara azarkeşlik etmək mümkündür. Ancaq "Neftçi" sevgidir. Bu sözlər "Neftçi"nin paltardəyişmə otağında və bazasında olmalıdır.
Mirbağırağa
saytlarin hazirlanmasi