Ölkə xaricində oynayan azərbaycanlı: "Müqaviləm noyabrda başa çatır, həll olunacaq"

17:22 - 13 Sentyabr 2024

Latviyanın "Qrobinya" klubunun azərbaycanlı müdafiəçisi Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib. 

Məmmədzadə komandasının Latviya çempionatındakı 6-cı pillədə qərarlaşmasını şərh edib: "Bizi hər şey qane edir. Hədəfimiz yüksək liqada qalmaq idi. Onun üçün də əlimizdən gələni edirik. Avrokuboklara düşmək yaxşı bonus olardı. Amma məncə, bu mümkün deyil. Hər halda, bundan sonrakı oyunlara da uğurlu nəticə qazanmaq üçün çıxacağıq. Müqaviləm noyabrda başa çatır. Hələ ki, əsas məsələ bizə lazım olan 3-4 xalı yığmaqdır. 100 faiz liqada qalaq. Sonra isə müqavilə məsələsi həll olunacaq. İndiki əsas məsələ lazım olan xalları yığaraq liqada qalmağı təmin etməkdir". 

O, Latviyanın iddialı klubları olan RFS və "Riqa"nın transfer siyahısına düşmək ehtimalı barədə isə bunları deyib:

"Təbii ki, hər bir oyunçunun da hədəfləri olur. Qeyd etdiyiniz RFŞ və "Riqa" klublarına düşmək üçün gərək öz klubunda seçiləsən. Öz komandanda lider olasan ki, bu cür klublara düşə biləsən. İndi "Qrobinya"dakı oyunlarıma fokuslanmışam. Necə olacağını zaman göstərəcək".

Mirbağırağa

Xəbər xətti