"Kəpəz"ə də məğlub olandan sonra "Neftçi" mövzusunda deməyə, yazmağa söz qalmadı. Bir kəlmə ilə ifadə etməli olsaq, baş verənlərə "biabırçılıq" deyərik.
Əvvəl-əvvəl naxoşluğu xoşxassəli şişə bənzəyirdisə, indi çarəsiz xəstə görkəmindədir "Neftçi". Böyük ümidlərlə gətirilən Roman Qriqorçuk vəziyyəti düzəltmək üçün hər şey elədi, amma heç nə alınmadı. Ukraynalı mütəxəssis beşli müdafiədən dördlüyə keçdi, eksperimentlərdən əl çəkib hər futbolçunu öz mövqeyində oynatdı, lakin yenə olmadı...
Mutu, Bojoviç, Qriqorçuk, kim gəlirsə, baş çıxara bilmir "Neftçi"də. Görmüşük ki, yeni məşqçi gələndə komandaya yeni nəfəs gətirər. Amma "Neftçi"də gələn gedənə şükür elətdirir, nəticələr daha da pisləşir.
Kim inanardı ki, Qriqorçuk kimi təcrübəli mütəxəssis "Neftçi" kimi komandayla "sınıq-salxaq" liqada 9 turda qələbə üzünə həsrət qalacaq... Qriqorçukun sözü olmasın, həqiqətən də adama yuxu kimi gəlir.
"Kəpəz"lə oyundan sonra Qriqorçukun da artıq deməyə sözü yox idi. Nə desin axı, hər şey göz qabağındadır. Ölkənin ən imkanlı klublarından birini çalışdıran məşqçi bir dövrəyə bir qələbə qazana bilmirsə, deyəsi bircə sözü qalıb - "əlvida"! Çünki bu minvalla vəziyyət düzələnə oxşamır.
Bojoviç gedəndə günahının olduğunu, ancaq tək günahkar olmadığını demişdi. Maraqlıdır ki, Qriqorçuk da buna bənzər fikir söyləyəcəkmi, yoxsa ingilissayağı getməyə üstünlük verəcək?
Həmid
saytlarin hazirlanmasi