"Neftçi"nin yeni baş məşqçisinin kimliyində maraqlı olan əsas şəxs - Emin Mahmudovun aqibəti bu təyinatdan asılıdır

14:13 - 9 Oktyabr 2024

Aparıcı futbolçularla yola getməyən, komandada heç cür sağlam ab-hava yarada bilməyən Roman Qriqorçuk özü sonunu yaxınlaşdırdı. Əvvəlcə Qara Qarayevi uzaqlaşdırdı, sonra Emin Mahmudovdan kapitanlıq sarğısını alıb Ramil Şeydayevə verdi. Böyük şairimiz Ramiz Rövşənin təbirincə desək, "turşu şirinə, şirini də turşa qatdı". Bir dövrəyə bir qələbə belə qazana bilməyən məşqçiyə qapını göstərdilər. 

Futbol ictimaiyyəti üçün ən aktual məsələ "Neftçi"nin yeni çalışdırısının kimliyi ilə bağlıdır. Əcnəbi də ola bilər, yerli də. "Neftçi" rəhbərliyi uğursuzluqlardan dərs çıxarıbsa, yaxın illərdə çətin ki, hansısa əcnəbi məşqçinin ayağı bu kluba dəyər. Yerlilərə gəlincə, müxtəlif adlar çəkilir. 

Bu təyinatda maraqlı olan əsas şəxslərdən biri də Emin Mahmudovdur. Sarğısı əlindən alınsa da, komandada kapitanlıq nüfuzunu saxlayan Mahmudovun taleyi də yeni gələn məşqçidən asılı olacaq. Yəqin ki, Emin də yerli mütəxəssis tərəfdarıdır. Kimliyindən asılı olmayaraq, uğurlu olmaq istəyən məşqçinin ilk addımı kapitanlığı Mahmudova qaytarmaq olacaq. Ramil Şeydayev Emin Mahmudov deyil, heç vaxt da ola bilməyəcək. Nə futbolçu kimi, nə də kapitan kimi! 

Yəqin ki, təyinat məsələsi çox yubanmayacaq. Çünki milli komandalarla bağlı yaranmış fasilə boşa verilsə, qışa qədər "Neftçi"ni toparlamaq çətin olacaq. 

Həmid

Xəbər xətti