"Neftçi"də gözlənilən yeni baş məşqçi təyinatı - yenə əcnəbi, yoxsa bu dəfə yerli mütəxəssis?

11:22 - 8 Oktyabr 2024

Daha çox "Qəbələ"dəki işi ilə tanıdığımız, həmişə xilaskar gözü ilə baxılan Roman Qriqorçuk "Neftçi"də fiasko yaşadı. Belə təcrübəli məşqçinin 9 tura bir qələbə belə qazana bilməməsinə adamın inanmağı gəlmir. Qriqorçuk özü də bunu yuxu kimi qəbul edir, amma reallıqdı... 

İndi ictimaiyyəti düşündürən əsas məsələ "Neftçi"nin yenə əncəbi, yoxsa bu dəfə yerli məşqçiyə tapşırılıcağı ilə bağlıdır. Yeni rəhbərliyin dövründə Mutu, Bojoviç, Qriqorçuk kimi əcnəbilər gəldi, alınmadı! Yenə eyni yolla gedəcəkləri inandırıcı deyil. Çünki yeni gələn əcnəbinin yeni tələbləri olacaq. Böyük ehtimalla, qış transfer pəncərəsində heyətdə dəyişikliklərin edilməsini istəyəcək. "Neftçi"nin indiki durumunda isə sponsorların kluba əlavə milyonlar ayıracağı inandırıcı deyil.

Belə görünür ki, "Neftçi"nin yeni çalışdırıcısı yerli olacaq. Burada da söhbət 2-3 məşqçidən gedə bilər. Yəni, kəmiyyət olaraq çox ad çəkmək mümkündür, keyfiyyət olaraq isə bir neçə. 

Sosial şəbəkədə yazılanlar, azarkeş fikri ilə bu cür vacib qərarlar verilməli deyil. Belə məsələlərdə peşəkar davranmaq vacibdir. Təyinatı mümkün məşqçilərin siyahısı hazırlanmalı, işlədiyi yerlərdə fəaliyyəti incələnməli, oyun fəlsəfəsi, iş prinsipləri və s. nüanslar araşdırıldıqdan sonra yekun qənaətə gəlinməlidir. 

Əsas rəqiblər xeyli uzaqlaşsa da, "Neftçi"ni avrokuboklara vəsiqə uğrunda mübarizəyə qaytarmaq mümkündür. Əsas odur ki, yenə də seçimlərdə yanlışlığa yol verməsinlər! 

Həmid

Xəbər xətti