"Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib.
- "Sabah" Premyer Liqanın 9-cu turunda "Araz-Naxçıvan"la qarşılaşdı və qələbə qazana bilmədi. Səncə, komandanız bu görüşdə nəyə görə bərabərə qaldı?
- Bu oyunda qələbə qazanmaq üçün oynayırdıq. Əslində, bunu qazana da bilərdik. Məncə, daha çox qol epizodu yaratsaydıq, ikinci qolu da vurardıq. Belədə qalib gəlmək şansımız daha yüksək olacaqdı.
- Ümumilikdə "Sabah"ın "Araz-Naxçıvan"dan daha güclü olduğunu fikirləşirsən?
- "Araz-Naxçıvan" yetərincə yaxşı futbol nümayiş etdirir. Onlar əbəs yerə turnir cədvəlində yuxarı pillələrdə deyil. Amma ümumilikdə götürürüksə, bəli, "Sabah" "Araz-Naxçıvan"dan daha güclüdür. Onlarla görüşdə qələbə qazana da bilərdik. Təəssüf ki, alınmadı.
- "Sabah"ın bu mövsüm əsas məqsədi nədən ibarətdir? Minimum hədəfiniz avrokuboklardır, yoxsa çempionluq uğrunda mübarizə aparacaqsız?
- "Sabah"ın əsas məqsədi bütün oyunlarda qələbə qazanmaqdır. Rəqibdən asılı olmayaraq, biz meydana yalnız qalibiyyət üçün çıxırıq. Qarşıdakı görüşlərdə də bu cür olacaq.
- Yavaş-yavaş "Sabah"da oyun praktikası qazanmağa başlayırsan. Demək olar ki, artıq Krunoslav Renduliçin etimadını qazanmısan?
- Doğrudur, yavaş-yavaş oynamağa başlayıram. Ümidvaram ki, belə də davam edəcək. Hər şey mənim özümdən asılıdır. Məşqçilər korpusu şans verir, mən də onların etimadını doğrultmağa çalışıram.
- Ümumiyyətlə, "Sabah"ın əsas heyətində oynamaq, Renduliçin tələblərini yerinə yetirmək çətindir?
- Krunoslav Renduliçin tələblərini yerinə yetirirsənsə, bu çətin deyil. Dediyim kimi, mən daim öz üzərimdə də çalışıram, məşqlərdə də özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Şans verilirsə, komanda üçün ən yaxşısını edirəm.
- Ötən mövsüm Gürcüstan yüksək liqasında yarışan "Samtrediya"da icarə əsasında oynayırdın. Ora qayıtmaq ehtimalın da az deyildi. "Sabah"da qalıb oynamaq necə alındı?
- Bəli, Gürcüstana qayıtmaq, "Samtrediya"da yenidən oynamaq şansım var idi. Amma "Sabah"da qalmağın daha yaxşı olduğuna qərar verdim. Şadam ki, komandada qaldım və oynamağa başladım. Bu da sevindiricidir. Lakin dayanmaq olmaz, işləməyə davam edirəm.
- Hazırda milli komandalara görə çempionatda fasilə yaranıb. Fasilə bitdikdən sonra komandanız "Zirə" ilə qarşılaşacaq. Səncə, bu görüşdə qələbə qazana biləcəksiz?
- Bəli, indi də hazırlaşırıq. Növbəti turdakı rəqibimiz də güclü komandadır. Həmin oyunda üç xal üçün çıxacağıq. Çalışacağıq ki, istəyimizə çataq.
Mirbağırağa
saytlarin hazirlanmasi