Kaxaber Tsxadadze: "Qarabağ" başqa planetdəndir, özümüzü göstərmək üçün əsl motivasiyadır" - MÜSAHİBƏ

14:48 - 14 Oktyabr 2024

"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Sportal.az saytına müsahibə verib.

- Birinci Liqadakı son matçınızda səfərdə "Baku Sportinq"i məğlub etmişdiniz. Həmin görüşdə çətinliklə qələbə qazandınız. Meydançadan şikayətlənmişdiniz...

- Meydança faciəvi durumda idi. Məncə, o cür meydanda oynamazlar. Futbolçuların zədələnmək riski yüksəkdir. Çox təhlükəli meydança idi. Belə meydanda istədiyimiz futbolu oynamağımız çətindir. Birinci liqada bütün stadionlar da eyni deyil. Düzü, ilk dəfə idi ki, o vəziyyətdə stadion görürdüm. Süni örtüklü meydançalar var ki, orada ötürmələrlə oynamaq olur. 

- Hər halda, Birinci Liqada oynamaq Premyer Liqada oynamaqdan daha təhlükəlidir?

- Elədir. Biz “Baku Sportinq”lə görüşdə stadiona görə özümüzü çox qoruyurduq. “Qəbələ”yə qarşı bütün komandalar yaxşı oynayıb, özünü göstərmək istəyir. Bu cür meydançalarda oynamaq çətindir. Amma düzgün oyunla qalib gəldik. Uşaqlardan da razı qaldım. Futbolçularım oyuna yaxşı konsentrasiya olurlar. Mövsüm uzun və çətindir. Təbii ki, hər matça maksimum vermək lazımdır. 

- Hər halda, məqsədiniz Premyer Liqaya qayıtmaqdır. Hazırkı heyətinizlə bunu reallaşdıra bilərsiz?

- Əlbəttə ki, məqsəd Premyer Liqadır. Bu cür heyətlə də geriyə qayıda bilərik. Heyətimiz yaxşıdır. Bir neçə futbolçu hazırda adaptasiya dövrü keçir. Prinsipcə, komplektləşmişik. İndi əsas olan odur ki, hər oyuna yaxşı hazırlaşaq.

- "İnter"də(Bakı) olduğunuz dönəmdə səviyyəli gürcü futbolçularınız var idi. Maraqlıdır, niyə “Qəbələ”yə həmyerlilərinizdən heç kimi dəvət etməmisiz?

- Biz belə danışmışıq ki, klubda seleksiya işi ilə direktorumuz məşğul olur. Onunla yaxın münasibətdəyik. Amma hamımız öz işimizlə məşğul oluruq. Təbii ki, bir-birimizlə daim danışırıq, seleksiya bütövlükdə komandamızın idman direktorna həvalə olunub. Hazırkı dönəmdə tam olaraq komplektləşmişik. Murad Musayev də düşərgəyə qayıtdı. O da bizim üçün çox vacib futbolçudur. 

- “Qəbələ” bu mövsüm “Qarabağ”la oynamaq şansına sahibdir. Ölkə kubokunda “Baku Sportinq” səddini keçsəniz, bu matç baş tutacaq. Sizin üçün motivasiyadır?

- “Qarabağ” tamam başqa planetdəndir. Birmənalı belədir. Amma özümüzü göstərmək şansımız var. “Qarabağ” hər zaman möhtəşəm futbol oynayır. Özümüzü göstərmək şansının olması gənc futbolçular üçün motivasiyadır. Komandamız komplektləşib, 70 faizi də yerli futbolçulardır. “Qəbələ” akademiyasından olan oyunçulardır. Onların Azərbaycanda son 15 ilin ən yaxşı komandasına qarşı oynamaq şansı var. Bunun özü də motivasiyadır. 

- Komanda birinci liqaya düşsə belə, “Qəbələ”də qalmağınız əksər insanlar üçün qəribə gəlmişdi. Premyer Liqaya qayıda bilməsəniz belə, “Qəbələ”də qalacaqsız?

- Bu barədə düşünmək də istəmirəm. Çünki komandamızın məqsədi var və klub prezidentindən tutmuş hamımız bunun uğrunda mübarizə aparırıq. Klubun prezidenti əla insandır, hər zaman bizə dəstəkdir. İnanın mənə, onun kimi klub prezidentini az-az görmüşəm. Fariz Nəcəfov yalnız öz işi məşğul olur və maksimum dərəcədə komandanı dəstəkləyir. İdman direktoru ilə əla münasibətimiz var. Əsas odur ki, komandada hər kəs məqsədə çatmağımız üçün çalışır. Qalanını isə hamıdan yaxşı Allah bilir. 

- Gürcüstan və Azərbaycan futbolu tez-tez müzakirə olunur. Təbii ki, geniş və dərin mövzudur. Sizin bu məsələ haqda fikrinizi öyrənmək istəyərdim...

- Bəli, bu böyük mövzudur. Əsas olan yanaşmadır. Hər xalqın öz mentaliteti var. 

- Qurban Qurbanov da bildirmişdi ki, Gürcüstanda hər kəs futbolla maraqlanır, ailələr də övladlarının futbolçu olmasını istəyir...

- Elədir. İlk növbədə mentalitet məsələsidir. Daha sonra isə işi mentalitetə uyğunlaşdırmaqdır. Çətin də deyil. Əgər gürcü futbolçularda mentalitet dəyişdisə, niyə azərbaycanlılarda dəyişməsin? Biz yaxşı elementləri iş prinsipimizə əlavə etdik və prosesə getdi. Daha sonra belə nəticələr qeydə alındı. 

Mirbağırağa

Xəbər xətti