Almaniyanın “Dinamo” klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov Berlin Kubokunun seçmə mərhələsinin III turunda dubl etdiyi “Lixtenberq” üzərində qazandıqları qələbəni (5:0) şərh edib.
Sportal.az xəbər verir ki, “Berliner Kurier”ə açıqlama verən millimizin sabiq hücumçusu komandasının uğurlu çıxışını dəyərləndirib:
"Qələbə bizim üçün çox vacib idi. Yenidən qol vurmaq xoş idi, çünki son vaxtlar işlər o qədər də yaxşı getmirdi. Penalti epizoduna gəlincə, Benni Vustenhaqenə qarşı kobudluq edildi və top artıq mənim əlimdə idi. Çünki mən vurmaq istəyirdim. Ancaq sonra Benniyə baxdım və düşündüm ki, birdən o, "nöqtə"yə özü yaxınlaşmaq istəyir. Sadəcə soruşmaq lazımdı. Həmişə yalnız özünü düşünə bilməzsən".
Dadaşovun komanda yoldaşı isə azərbaycanlı futbolçunun jestini bu cür xatırlayıb: "Təbii ki, qol vurmaq həvəsim var idi. Mənim üçün əsas komandada ilk qol vurmağım oldu. Təbii ki, bunu Rüfətə borcluyam. Çox gözəl anlar idi".