"Kəpəz" Misli Premyer Liqasının 10-cu turunda Tovuz şəhər stadionunda "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun gərgin olacağını bilirdik. İlk dəqiqələrdən istəyirdik ki, uşaqlar rəqibdən çəkinməsinlər. Birinci hissədə buna nail olurduq. Çatışmayan cəhətlərimizin üzərində işləyəcəyik. "Qarabağ"a Avropa Liqasında uğurlar arzulayıram.
- "Neftçi" ilə oyundan sonra komandada ruh yüksəkliyi var idi. Bu məğlubiyyət mənfi təsir edə bilər?
- Elə deməzdim. Birinci hissədə komanda çox xoşuma gəldi. İkinci yarının əvvəlində bir epizodumuz oldu. Onu vura bilsəydik, hər şey başqa cür ola bilərdi. Oyundan-oyuna yaxşı oluruq. Bu gün "Qarabağ"ın Avropa Liqasında oynayan heyətinə qarşı yaxşı çıxış etdik.
- Luis Paçunun qaçırdığı epizod dönüş nöqtəsi oldu?
- "Qarabağ" bizi yenə təzyiqdə saxlayacaqdı. Bu gün "Qarabağ" hamıdan güclüdür. Bir az da hakimlərin simpatiyası olanda hər şey başqa cür olur. Pananın başla vurduğu epizodda top qapı xəttini keçmişdi. Hakimlərdən şikayət etməyəcəm. Biz də bir az böyüməliyik.
- "Kəpəz"də legionerlərin sayı çoxdur. Olmaz ki, 3-4 yaxşı legioner gətirib, daha çox yerli futbolçulara şans verilsin?
- Mən həmişə azərbaycanlıalrın meydanda olmasının tərəfdarı olmuşam. Amma mən gələndən sonra 4 legioner gətirmişik. Onların hamısı meydanda bizə kömək ediblər. Sizinlə razıyam, bu gün 11-12 legionerdənsə, 4-5 yaxşı legioner olsa, yerli oyunçular da inkişaf edər.
Elçin Əlixan
saytlarin hazirlanmasi