Azərbaycan milli komandasının və “Ankaragücü”nün hücumçusu Renat Dadaşov qışda “transfer pəncərəsi” zamanı Türkiyə Superliqasında çıxış edən komandalardan birinə keçə bilər.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçuya Türkiyə Superliqasında yarışan “Eyüpspor” maraq göstərir. Bu komandanın baş məşqçisi Arda Turan Dadaşovun həm “Ankaragücü”ndə, həm də millimizdəki performansını bəyəndiyi üçün onu komandasına cəlb etmək niyyətindədir.
Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
"Eyüpspor" öncə millimizin hücumçusunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Komandalar arasında danışıqdan sonra Renatın “Eyüpspor”a yollanıb-yollanmayacağı dəqiqləşəcək.
Qeyd edək ki, bu komanda Türkiyə Superliqasında 9 oyuna 15 xal yığaraq 5-ci pillədədir.
saytlarin hazirlanmasi