"Qarabağ" öz səviyyəsini göstərdi, 2-3 qol buraxdıqdan sonra oyuna qayıtmaq çətin idi" - MÜSAHİBƏ

10:34 - 23 Oktyabr 2024

"Kəpəz"in hücumçusu Orxan Əliyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"la görüşdə "Kəpəz" 0:5 hesabı ilə uduzdu. Nəticəni necə şərh edərdin? Səncə, niyə bu cür hesab qeydə alındı?

Çox güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Amma buna baxmayaraq, biz yaxşı oyun göstərmək niyyətindəydik. Birinci hissədə pis də oynamadıq. İkinci hissədə hesab 0:1 olarkən qol fürsətini boşa verdik. İkinci qolu buraxmağımız isə psixoloji olaraq bizə təsir etdi. Sonradan da oyuna nəzarəti itirdik. "Qarabağ" isə bu anda öz səviyyəsini göstərdi. Halbuki biz oyuna çox yaxşı hazırlaşmışdıq. Məşqlərimiz də lazımdı səviyyədə gedirdi. Təbii ki, oyun səviyyəsi göz önündə idi. Buna baxmayaraq, onlara qarşı ilk hissədə yaxşı mübarizə apardıq.

- Oyunun gedişində "Kəpəz" tərəfinin tələb etdiyi penalti epizodu var idi. Səncə, "Qarabağ"ın qapısına penalti təyin edilsəydi, nəticə başqa cür olardı?

Bayaq dediyim kimi, ikinci hissədə qol epizodundan yararlanasa bilsəydik, bəlkə hər şey başqa cür də olardı. 

- Rəqibin gücünü nəzərə alsaq, 0:5 hesablı məğlubiyyəti normal qəbul edirsiz? Bu cür məğlubiyyət sizə psixoloji sarıdan təsir edəcək?

Əlbəttə ki, bu cür məğlubiyyəti normal hesab etmirəm. Çünki biz yaxşı oynayırdıq. Sadəcə "Qarabağ"dan 2-3 qol buraxdıqdan sonra oyuna dönmək çətin idi.

- "Kəpəz"in turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmamaq şansı nə qədərdir? Sonuncu pillədən qurtula biləcəksiz?

Bunu zaman göstərəcək. Xallar qazanmaq üçün mübarizə aparırıq. Məşqlərimizi edirik. Çalışırıq elə edək ki, xallar qazanaq. 

- Növbəti turda "Turan Tovuz"la üz-üzə gələcəksiz. Qərb derbisində "Kəpəz"in qalibiyyət şansı nə qədərdir?

Bizim üçün bu oyun digər matçlar qədər çox vacibdir. "Turan Tovuz"la görüş isə hardasa klub üçün daha prinsipialdır. Necə olacağını zaman və oyun göstərəcək. Bu oyuna hazırlığımız davam edir. "Turan Tovuz"la görüşdə qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

Mirbağırağa
 

Xəbər xətti