"Neftçi"nin sabiq məşqçisi Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib. O, "ağ-qaralar"ın hazırkı durumunu dəyərləndirib.
- "Neftçi" Samir Abasovun rəhbərliyi altında ilk oyununda qələbə qazanmağı bacardı. "Səbail"lə görüşdəki qələbə sizin üçün gözlənilməz olmadı ki?
- Uzun fasilədən sonra "Neftçi" nəhayət ki, çempionatda ilk qələbəsini qazandı. Mənim üçün gözlənilməz deyildi. Rəqib də çox münasib idi. "Səbail" çempionatımızın zəif komandalarından biridir. "Neftçi" də "Səbail" üzərində çox inamlı qələbə qazandı. Gözlənilməz nəticə deyildi. "Neftçi" bu durumdan nə vaxtsa çıxmalı idi. Yeni baş məşqçinin gəlişi ilə də ilk qələbələrini qazandılar.
- Samir Abasovun rəhbərlik etdiyi komanda Roman Qriqorçukun vaxtındakı kollektivdən çox fərqlənir?"Neftçi"də dəyişən nədir?
- Komandaya cavabdeh baş məşqçidir. Bildiyim qədərilə, Roman Qriqorçuka da hər cür şərait yaradılmışdı ki, istədiyi komandanı qursun. Amma o, bunun öhdəsindən gələ bilməmişdi. Komandada çaxnaşmalar, söz-söhbətlər, kapitan dəyişikliyi, kapitanın əsas heyətdə uzaqlaşdırılması, Qara Qarayevin komandadan göndərilməsi....Belə mənzərə yaranmışdı. Ancaq Roman Qriqoruk özü də, 2-3 matçdan sonra nə etdiyini özü də bilmirdi. Bəhanələrlə, hər vəchdə öz məsuliyyətini kimlərinsə üzərinə atmaq məşğul idi. Özüm də futbolçu olmuşam. Kollektivdə belə gərginlik olanda, futbolçulara necə təsir etdiyini bilirəm. Belə vaxtda futbolçular özləri də, öz oynadıqları oyundan da uzaq düşürlər. Tez-tez taktiki dəyişikliklər görürdük. 2-3 ardıcıl oyunda eyni heyət də olmurdu. Bu da futbolçularda gərginlik yaradırdı. İlahi ədalət deyilən bir şey var. O da Roman Qriqorçukun yanında olmadı. Çünki çox yanlış qərarlar, yanlış oyun sistemi, yanlış hərəkətlər oldu. Sonda da qələbəsiz qaldılar. Başlıca səbəbkar, "Neftçi"dəki bu xaosu, gərginliyi yaradan elə Roman Qriqorçuk idi. Onun gedişindən sonra da göründü ki, futbolçular rahat olanda, gərginliyi üzərilərindən atanda necə rahat oynayırlar. Öz istədikləri oyunu da nümayiş etdirə bilirlər.
- Maraqlıdır ki, "Neftçi"də Emin Mahmudov yenə sanki əvvəlki performansını nümayiş etdirdi. Demək olar ki, Samir Abasov Mahmudova özünəinamı geri qaytara bilib?
- Emin Mahmudova görə mən də çox üzülürdüm. Birdən-birə bu cür futbolçuya qarşı belə rəftar heç düzgün deyildi. Bildiyim qədərilə, Emin yaxşı futbolçu olmasından savayı, mədəni insandır. Şəxsi tanışlığım yoxdur. Meydançadakı davranışını görürəm,kənardan da eşitdiklərimdən sonra o qənaətə gəlmişəm ki, çox mədəni, tərbiyəli insandır. Ona qarşı öz komandasında böyük haqsızlıq edildi. Mənim futbolçu dönəmimdə də buna oxşar hadisələr öz başıma da gəlmişdi. Bayaq da dediyim kimi, ilahi ədalət var. Şükürlər olsun ki, tez bir zamanda Emin özünü toparladı və "Səbail"lə oyunda da öz performansı ilə komanda üçün vacib fiqur olduğunu göstərdi. Eminə görə çox üzülürdüm. Çünki həm futbolçu, həm də insan kimi ona böyük rəğbətim var. Şükürlər olsun ki, ona qarşı edilən haqsızlıqlar, olan təzyiqlər geridə qaldı. İnanıram ki, bundan sonra Emin Mahmudov "Neftçi"də öz gözəl oyunu ilə töhfəsini verəcək.
- Kapitanlıq sarğısı son ayların ən çox müzakirə olunan mövzusu idi. Maraqlıdır ki, sarğı Emin Mahmudova qaytarılmadı, Rza Cəfərovun "Neftçi"də kapitanlıq sarğısı daşımasına necə şərh verəcəksiz?
- Kapitanlıq mövzusu bir az həssas məqamdır. Emindən alındı Ramil Şeydayevə verildi. Başqa vitse-kapitanlar da seçilmişdi. Təbii ki, Roman Qriqorçukun dediyi qaydada. Məncə, Samir Abasov ən doğru qərarı qəbul etdi. Orada kapitanlıq sarğısını ya Eminə qaytarmaq, ya Şeydayevdə saxlamaq heç də doğru olmazdı. Çünki hər iki futbolçunun birində üzdə biruzə verilməsə də, bir az qısqanclıq ola bilərdi. Ona görə də ən gənc futbolçuya, özü də azərbaycanlıya kapitanlıq sarğısı verildi. Çox düzgün addım oldu. Bunu heç kimin xətrinə dəyməmək kimi dəyərləndirə bilərəm. Yəqin ki, Samirin özünün də dediyi kimi, bu müvəqqəti ola bilər. Sonradan yenidən kapitan məsələsinə baxa bilərlər. Ancaq baş məşqçi tərəfdən çox doğru və yerində atılmış addım idi. Məşqçi də bu cür işlərdə öz məşqçi bacarığını göstərir. Biri var, öncəki xaos yaradan, biri də var normal atmosfer yaradan məşqçi. Ona görə də, komandanın oyununda, nəticələrdə fərq dərhal hiss olunur.
- Yeri gəlmişkən, "Neftçi" bu gün "Sabah"la qarşılaşacaq. "Ağ-qaralar"ın bu matçda qalib gəlmək şanslarını necə dyərələndirirsiz?
- "Neftçi"nin kifayət qədər normal heyəti var. Bəli, "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaqdan söhbət gedə bilməz. Təkcə xal baxımından yox, elə heyət baxımından da. Heyət sarıdan da "Qarabağ"dan geri qalırlar. İndiki heyətlə ikincilik uğrunda çox rahat mübarizə aparmaq olardı. Çox təəssüf ki, "Neftçi" "Səbail"lə oyuna qədər qələbə qazanmamışdı, xal fərqi böyükdür. Lakin heyət "Qarabağ"ı çıxsaq, digər komandalarla başabaş mübarizə aparmaq üçün kifayət qədər normaldır. "Neftçi" "Sabah"la görüşdə qələbə qazansa, mənim üçün heç bir sürpriz, sensasiya, təəccüblü bir şey olmaz. Bundan sonra "Neftçi" qələbələrini sıralayacaq. Çünki heç olduğu yerdə deyil. Bu da komandadakı xaosa görə idi. Futbolçular da gərgin idi, oyunlarına təsir edirdi. "Neftçi" heyət baxımından "Qarabağ"a uduzur. Amma digər komandalarla görüşdə qələbə qazanmaq gücündədir. Həm heyəti, həm də şəraiti var.
Mirbağırağa
saytlarin hazirlanmasi