"Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram Sportal.az saytına müsahibə verib.
- Matçdan öncə kollektivlə birlikdə foto çəkdirdin və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçinin formasını əlində tutmuşdun. Həmyerlinə dəstək nümayiş etdirdin...
- Bəli, Denis Marandiçinin formasını oyundan əvvəl göstərdim. Ona dəstək olmaq istədim. Əsas odur ki, Denis bizimlə meydanda olsun. Tez bir zamanda sağalsın və meydanlara çıxsın. Denis yaxşı oğlandır. Üstəlik, biz eyni ölkədənik. Əminəm ki, onda hər şey yaxşı alınacaq və hər şey qaydasına düşəcək.
- Denislə danışmısan, onu ziyarət etmisən?
- Bəli, bəli. Onun əməliyyat edildiyi klinikaya da getmişdim. Daim ünsiyyətdəyik, danışırıq. Əvvəllər də daim onunla görüşürdük. Onunla yaxşı münasibətimiz var. Başına belə hadisə gələndən ilk dəqiqədən onunla ünsiyyətə keçdim. Əsas odur ki, o, tez bir zamanda düzgün və tez bərpa olunsun.
- Yəqin ki, Denisin zədələnməsi Moldova millisi üçün də böyük itkidir? Millinin məşqçilər korpusu ilə bu haqda danışmışdız?
- Bəli, həkimlə də ünsiyyətdəydim. Məsələnin nə dərəcədə ciddi olduğunu başa düşürdüm. Allah qoysa, millinin oyunlarına qədər Denis bərpa olunar və forma yığmağa başlayar. Vacib oyunlar qarşıdır. İndi əsas odur ki, tələsmədən, düzgün bərpa olunsun. Psixoloji cəhətdən Denis güclü oğlandır. Onu hər zaman dəstəkləyirik. Bütün komanda ona görə narahat idi. Denisin yanına getmişdim.
- Epizodu görə bilmişdin?
- Dərhal baxmamışdım. Amma sonradan fotoları gördüm. Denis mənim yaxın dostumdur. Bu epizodlara baxmaq asan deyil.
- "Araz-Naxçıvan"ın çıxışından danışsaq...Komanda məğlubedilməzdir....
- Məğlubedilməz komanda olmur. Şadıq ki, qalib gəldik. Bütün futbolçular meydanda sona qədər mübarizə apardı, yaxşı oynadıq, qələbə qazandıq. Yolumuza davam edirik. Məşq etməyə, məşqçilərimizi dinləməyə davam edəcəyik. Bizim çox təcrübəli məşqçilər korpusumuz var. Ona görə də, onları doğru dinləməyimiz çox vacibdir. Onlar bizi dəstəkləyir. Əsas odur ki, meydana çıxanda qalib gələk. Öz məqsədimiz var və bu yolu tutub, yalnız irəliləyirik.
- Çempionatda 50-ci oyununa çıxdın və mini yubiley oldu...
- İstənilən yubiley yubileydir. Xoşdur. Düzü, heç statistikanı bilmirdim. Yaxşı ki, sizin kimi yaxşı insanlar var və bu statistikanı bilir, bildirir. Təşəkkür edirəm. Ümidvaram ki, klub necə lazımdırsa, təbrik edəcək(gülür). Mən və komandam dayanmaq istəmirik. İrəliləyə getməliyik.
- Bu mövsüm yeganə olaraq, “Qarabağ”a qarşı oynamamışdın. İlin son oyunu isə onlara qarşıdır...
- “Qarabağ”la oyuna qədər hələ zaman var. Doğru bərpa olunmaq lazımdır. Qarşıda “Sabah”la oyunumuz var. Həmin oyun haqda düşünəcəyik. Biz “Səbail”lə oyundan sonra artıq bunu edirik. Növbəti oyuna hazırlaşacağıq.
Mirbağırağa