Samir Abasov: "Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik"

18:21 - 21 Dekabr 2024

"Neftçi" Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol gəlib bizi dəstəklədilər. Birinci hissədə rahat idik, oyunu idarə edirdik. İkinci yarıda gözlədiyimiz epizoddan qol buraxdıq. Ozobiç və Boqomolksinin yorulması öz sözünü dedi. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Futbolçularım mübarizə apardı. Burada hər rəqib çətinlik çəkir. 10-12 günlük istirahətə gedirik. Buna ehtiyacımız var. 

- Ervin Koffini mərkəzdə oynatmağı əvvəlcədən planlaşdırmışdız?

- Xeyr, əvvəldən planlaşdırmamışdıq. Amma məşqdə bir az üzərində işləmişdik. Həmin mövqenin oyunçularını olmaması təsirsiz ötüşmür. 

- Qoldan başqa "Neftçi"nin  təhlükəli epizodu olmadı. Əzəmətli futbol oynamaq üçün nə çatmır?

- Şəxslər üzərində danışmayacam. Mən burada bunu deməyəcəm. Hər şey nəzarətimiz altındadır. Oyunu otuzdurmaq üçün zaman lazımdır. Bizim üçün hələ ki, prioritet nəticədir. Digər komandalar dəhşət futbol oynayır, tək "Neftçi" oynamır demək düzgün deyil.

- Qışdan sonra çətinlilərin arxada qalacağını düşünmək olar?

- Yaya kimi çətinliklər çəkəcəyik. Qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Bəzi futbolçular uduzmaqdan qorxur. Yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik.

- Qışda komandadan gedən olacaq?

- İndi bunu demək yersiz olar. Transferlərin üzərində işləyirik. Gücləndirməli olduğumuz mövqelər var. Amma qışda transfer etmək çətindir. Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik.

- Dominant "Neftçi"ni nə vaxt görəcəyik?

- Martın 22-si (gülür). Nə deyim sizə?

- Kilan Lebonun performansının aşağı düşməsi nə ilə bağlıdır?

- Bütün futbolçular bizimlə Tovuza gəlmişdi. Çünki çox vacib matç idi. Oynamamağı zədə səbəbindəndir. Tək Lebonu deməzdim, komanda şəklində yaxşı deyilik.

Elçin Əlixan

Xəbər xətti