"Juninyonun "Flamenqo"ya keçidindən sonra Braziliyada "Qarabağ” daha çox tanınmağa başlayıb" - MÜSAHİBƏ

11:47 - 26 Yanvar 2025

Portuqaliya yüksək liqasında yarışan "Farense"nin müdafiəçisi Lukas Afriko Sportal.az saytına müsahibə verib. Ötən mövsümü "Qəbələ"də keçirmiş braziliyalı yenidən ölkəmizə qayıtmaq ehtimalından və Juninyo Olavionun "Qarabağ"dan "Flamenqo"ya transferindən bəhs edib.

- "Farense"də işlərin necə gedir? Azərbaycan futbolu üçün darıxırsan?

"Farense"də işlərim yaxşı gedir. Klubun məqsədlərinə çatması üçün hər kəs əlindən gələni edir. Ona görə də uğurlu mövsüm keçirəcəyimizdən əminəm. Turnir cədvəlinin son pilləsindən də çıxmışıq. Daha da yaxşı olacağına inanıram. 

- "Qəbələ" aşağı liqada, birinci liqada mübarizə aparır. Bu komanda liderdir və Premyer Liqaya qayıda bilər. Hələ ki, məğlub olmayıblar. "Qəbələ"ni izləyirsən?

Bəli, əlbəttə ki, izləyirəm. “Qəbələ” çox yaxşı mövsüm keçirir. Kaxaber Sxadadze kimi ağıllı məşqçisi var. Oyun ideaları da çox gözəldir. Üstəlik, sevindirici məqam odur ki, komanda da buna çox yaxşı reaksiya verir. Təqvimlər fərqli olduğu üçün nəticələri daha çox izləyirəm. Oyundan epizodlara da zaman-zaman baxıram.

- "Qəbələ" Premyer Liqaya qayıtdıqdan sonra, özün də bu komandaya qayıtmaq istəyərdin?

Oynadığım bütün komandalara xüsusi sevgim var. Gələcəklə bağlı bütün məsələlər yalnız Allaha məxsusdur. Mən yalnız indiki zamanda yaşamağa çalışıram. Gələcəkdə necə olacaq, onu yaşayıb görərik.

- Azərbaycanda braziliyalı futbolçular çox oynayıb. Amma yəqin ki, Juninyo qədər heç kəs uğurlu çıxış etməyib. O, "Qarabağ"dan "Flamenqo"ya transfer edildi. Sənin üçün gözlənilməz transfer idi?

Mən adətən öz-özümə deyirəm ki, Allah hər şeyi mümkünə çevirə bilir. Hamımız bilirik ki, bu transferlər adi hal deyil. Amma Juninyo çox yaxşı futbolçudur və “Flamenqo” kimi komandaya keçməyə də layiqdir. Onu təbrik edirəm və uğurlar arzulayıram. “Qarabağ”da özünü ən yaxşı tərəfdən göstərmişdi.

- "Qəbələ"nin üzvü olanda, Juninyoya qarşı oynamışdın. Ona qarşı oynamaq çox çətin idi? Səncə, Juninyo "Flamenqo"da əsas heyətə düşüb, oradan da Braziliya millisinə yüksələcək?

Juninyonun “Flamenqo”da çox uğurlu olacağına həqiqətən inanıram. O, fantastik oyunçudur, onu dayandırmaq çətindir. İnanıram ki, Juninyo Braziliya millisinə qədər yüksələcək. 

- Onun “Flamenqo”ya transferindən sonra Braziliyada Azərbaycan futboluna, "Qarabağ"a maraq daha da böyüyəcək?  

Bəli, elədir. Əmin ola bilərsiniz ki, Juninyonun “Flamenqo”ya keçidindən sonra Braziliyada Azərbaycan və “Qarabağ” daha çox tanınmağa başlayıb. Maraq daha da artacaq. Bu da çox yaxşı haldır.

Mirbağırağa
 

Xəbər xətti