"Kəpəz"in portuqaliyalı müdafiəçisi Dioqo Verdaşka Azərbaycan Kuboku 1/4 final mərhələsinin "Neftçi" ilə cavab matçından (0:1) sonra Sportal.az saytına müsahibə verib:
- Birinci oyundan sonra komandanın növbəti mərhələyə adlayacağına inamın qalmışdı?
- Biz "Neftçi" ilə oyuna sona qədər mübarizə aparmaq üçün çıxmışdıq. Təbii ki, ilk oyundan sonra yaranan mənzərəni də dəyişmək niyyətindəydik. Biz bir səhv etdik, qol buraxdıq. Amma mübarizəyə davam edirdik, qol epizodlarımız da oldu. Lakin onlardan yararlana bilmədik. Təəssüf ki, kubokdan kənarda qaldıq. Hər halda, bu da indi bizim üçün pis deyil. Çünki biz yalnız ölkə çempionatındakı matçlarımıza fokuslanacağıq. Yenidən "Neftçi" ilə qarşılaşacağıq. Artıq həmin görüşə fokuslanmışıq.
- Hazırkı durumda sizin üçün daha yaxşısı yalnız çempionata fokuslanmaq idi yəqin?
- "Neftçi" ilə cavab görüşünə kubokda yolumuza davam etmək üçün çıxmışdıq. İlk oyundakı nəticəyə baxmayaraq, yenə də inamımız var idi, gücümüzə əmin idik. Ancaq kubok bizim üçün bitdi. Heç nə olmaz, yalnız liqaya fokuslanmışıq. Bizim üçün Premyer Liqada qalmaq daha da önəmlidir.
- Qısa müddət ərzində "Neftçi" ilə artıq üçüncü dəfə qarşılaşacaqsınız, ancaq bu dəfə Premyer Liqa görüşüdür. Bu qədər qısa müddətdə eyni klubla bir neçə dəfə qarşılaşmaq sənin üçün maraqsız deyil?
- Düzü, karyeramda ilk dəfədir ki, bu cür vəziyyətlə qarşılaşıram. Amma hansısa problem yoxdur. Rəqib hansı komanda olursa-olsun, biz meydana çıxıb, sona qədər mübarizə aparıb, uğurlu nəticə qazanmağa çalışırıq. Hər görüşə də fokuslanırıq.
- Premyer Liqada qalmaq uğrunda mübarizə necə gedir? "Kəpəz", "Şamaxı", "Səbail" və "Sumqayıt" bu mübarizədə yer alıb. Bu mübarizədə özünüzü daha şanslı hesab edirsən?
- Bizim Premyer Liqada qalmağımız yalnız özümüzdən asılıdır. Qələbələr qazanmalıyıq. Əgər qələbələr qalsaq, Premyer Liqada qalmağı bacaracağıq. Biz yaxşı futbol oynayırıq. Bunu hamı görür. Vacib görüşlərdə qalib gəlmişik. Mübarizə davam edir. Premyer Liqada qalmaq üçün sona qədər çalışacağıq.
- "Porto", "Beytar", "Saraqosa" kimi klublarda oynamısan. Niyə indi Azərbaycana çıxış edirsən? Karyeranda eniş getdiyini demək olar?
- Ötən il çox ciddi zədə almışdım. Hardasa, 1 il futbol oynaya bilmədim. Yayda müqaviləm başa çatdı. Belə durumda klub tapmaq da çətin idi. Çünki 1 il oynamamışdım. "Kəpəz"dən təklif gəldi. Mən də Rojerio Santosla danışdım, onunla dostluq münasibətim var. Hər şey yaxşı idi, sonradan da gəldim "Kəpəz"ə.
- Yeni mövsümdə "Kəpəz"də qalmaq istəyirsən? Yeni stadionunuz da inşa edilir. Bu haqda düşünmüsən?
- Hazırda mən yalnız indiki duruma fokuslanmışam. İndi nə varsa, o haqda düşünürəm. Tez-tez gələcəklə bağlı soruşurlar, mən də deyirəm ki, yalnız növbəti görüşü düşünürəm. Mən uzun müddət sonra olacaqları düşünmürəm. Hazırda "Kəpəz"dəyəm və komanda üçün ən yaxşısını etməyə çalışıram. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi