"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevski Sportal.az saytına müsahibə verib.
- "Neftçi" Premyer Liqanın son turunda 2:0 öndə olsa da, yekunda "Zirə"yə 2:4 hesabı ilə uduzdu. Səncə, komanda iki qol vursa da, niyə qələbə qazana bilmir?
- Futboldur da, olur. 2 qol vurduqdan sonra 1 qol buraxırsansa, hesabı qorumaq şansı yarıya enir. Belə durumlarda yekun nəticə böyük ehtimalla 2:2 bitir. Amma 2:4 hesabı ilə uduzmaq...Bu, artıq çox şeydən xəbər verir. Yəqin ki ,"Neftçi"də əsas problem psixoloji məsələdir.
- Yayda "Neftçi"nin heyətini sıfırdan qurmaq lazımdır?
- Böyük ehtimalla dəyişiklik lazımdır. Hazırkı futbolçular komandanın səviyyəsini yüksəldə bilmir. Yaydan başlayaraq iki il ərzində kollektiv qurmaq lazımdır. Amma böyük dəyişiklik də komandaya pis təsir edə bilər. Maksimum 2-3 yeni oyunçu gətirmək mütləqdir.
- Komandanın baş məşqçisi Samir Abasov da bildirib ki, onlar üçün prioritet məsələ ölkə kubokunu qazanmaqdır. Premyer Liqada 2:0 öndə olan komanda sonda uduzursa, kubokda hansı nəticəyə ümid edə bilər?
- "Neftçi"nin çempionluq şansının qalmadığı dekabrdan artıq bəlli idi. O zaman klub kuboku götürməlidr. Birinci pillədəki "Qarabağ"la bu qədər xal fərqi varsa, Avropada necə oynayacaqlar? Nəsə demək çətindir.
- Yeri gəlmişkən, "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Sabah"a evdə 1:2 uduzub. "Neftçi"nin final şansı nə qədərdir?
- "Neftçi" "Sabah"ı məğlub etməlidir. Əgər bu baş verməsə...Artıq biabırçılıq deməkdir. O zaman yeni komanda qurulmalıdır. U-19, U-21 yığmasının ən yaxşı futbolçularını "Neftçi"yə cəlb etmək lazımdır. Üstəlik, bir neçə yaxşı legioner futbolçu. Belə olmasa, nə bilim...İki il ərzində yaxşı komanda qurmaq lazımdır. Amma nəsə udmaq üçün tələsmək lazım deyil. Onsuzda "Neftçi" çempionluğu qazana bilmir. İki il ərzində yeni komanda qurduqdan sonra hücuma keçmək mütləqdir. Məhz o vaxtı çempionluq əldə etmək olar. Yoxsa, hər yay oyunçuları dəyişməklə nəsə əldə etmək mümkün deyil.
- 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Bu qərar "Neftçi"yə necə kömək olacaq?
- Xeyr, mən razı deyiləm. Tutaq ki, bu qərar "Neftçi" və digər klublara kömək oldu. Bəs, yerli futbolçular necə olacaq? Milli komanda necə olacaq? Legionerlər çox olsa, yerli futbolçular nə etməlidir? Onlar heyətə düşmək üçün daha çox çalışmalıdır. Hər halda, bu qərarın həm üstün, həm də mənfi cəhətləri var. Məncə, gənc futbolçuları inkişaf etdirib və yaxşı legionerlər gətirmək olar. U-19 və U-21 yığmasındakı ən yaxşı oyunçular "Neftçi"də oynamalıdır və belədə, inkişafları mümkündür.
Mirbağırağa
saytlarin hazirlanmasi