"Neftçi"nin sabiq forvardı Tomislav Mişura Sportal.az saytına müsahibə verib.
- “Neftçi”nin keçirdiyi oyunları izləyirsən?
- İmkan olduqca matçlara baxıram. Alınmırsa, ən azından nəticələri izləyirəm.
- Komandanın qeyri-stabil çıxışını necə dəyərləndirisən?
- Təbii ki, qeyri-stabil çıxış yaxşı deyil. Sevindirici nəticələr deyil. Görünən budur ki, “Neftçi”nin heyəti yenidən qurulmalıdır. Bu baş verəcək, ya yox onu da artıq zaman göstərəcək.
- “Neftçi” hazırda turnir cədvəlində 6-cı pillədədir, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə isə “Sabah”a 1:2 uduzub. Mövsümün qalan hissəsində “Neftçi”nin uğurlu çıxışına inanırsan?
- İnanıram və arzulayıram ki, “Neftçi” ölkə kubokunu qazanaraq mövsümü xilas edəcək. Dediyim kimi, “Neftçi”də dəyişikliklərə, yenilənməyə ehtiyac var. “Neftçi”nin oyun stilinə uyğun futbolçular dəvət etmək lazımdır.
- “Neftçi”nin avrokuboklara yollanmaq üçün demək olar ki, tək yolu da kubokdan keçir...
- Bəli, bəli. Məhz buna görə “Neftçi”nin kuboku qazanacağına inanmaq istəyirəm. Çətin olacaq, lakin mümkünsüz də deyil.
- “Neftçi”dən səndən sonra daha bir sloveniyalı oynadı, o da Mixal Peskoviç. 2015-ci ildən bu yana komandada sloveniyalı oyunçu yoxdur. Sabiq komandanda həmyerlilərinin oynaması sənin üçün maraqlıdır?
- Doğrudur, Peskoviçi də xatırlayıram. Düzünü desəm, tanıdığım oyunçular var ki, onlar məndən “Neftçi” haqda soruşurlar. Çünki bu klubda oynadığımı bilirlər. Bu mənada, ara-sıra suallar verirlər. Bilmək olmaz, bəlkə nə vaxtsa sloveniyalı oyunçulardan birini “Neftçi”yə gətirdim (gülür).
Mirbağırağa