"Barselona" La Liqanın 34-cü turu çərçivəsində keçiriləcək "Valyadolid"lə oyunun başlanma saatının daha erkən vaxta keçirilməsini xahiş edib.
Sportal.az xəbər verir ki, komandalar 3 may tarixində qarşılaşacaq və oyun Bakı vaxtilə saat 23:00-da start götürməlidir. Lakin "Relevo"nun verdiyi məlumata görə, katalon klubu oyunun saat 15:00, 17:15 və ya 19:30-da başlamasını istəyib.
"Barselona" bu dəyişiklik tələbi ilə Çempionlar Liqasının yarımfinal mərhələsində 6 mayda "İnter"ə qarşı keçirəcəyi cavab oyununa daha yaxşı hazırlaşmaq istəyir. Klub, oyunun əvvəlcə 4 maya planlaşdırıldığını və matç tarixinin 3 maya çəkilməsinə görə İspaniya Futbol Federasiyasına təşəkkür edib. Eyni zamanda, futbolçuların "Valyadolid"dən gecəyarısı yox, daha normal saatda Barselonaya qayıda bilməsi üçün oyunun daha erkən başlanmasını istəyib.
Qeyd edək ki, "Barselona" ilə "İnter" arasında Çempionlar Liqasının yarımfinal mərhələsindəki ilk matç 30 aprel saat 23:00-da İspaniyada, cavab qarşılaşması isə 6 may saat 23:00-da İtaliyada baş tutacaq.
saytlarin hazirlanmasi