Ukraynalı "Neftçi"nin tarixinə düşdü

10:18 - 29 Aprel 2025

“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yubiley topuna Andrey Ştoqrin imza atıb. O, Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt”la səfər oyununda (2:2) komandasını məğlubiyyətdən xilas edən sonuncu qolun müəllifi olub.

Bakı klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 1600-cü qolu 957-ci oyununda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,67-yə bərabərdir. Paytaxt təmsilçisi evdə 923, səfərdə 657, neytral meydanda 20 qola sevinib. “Neftçi” yarışın tarixində 1600 və ya daha çox qol vuran 2-ci komandadır. “Qarabağ”ın hesabında 1606 qol var. Qeyd edək ki, “Neftçi” milli çempionatlarda ilk qolunu Sumqayıtın digər təmsilçisi “Xəzər”lə görüşdə 1992-ci il mayın 8-də vurub. Tarixi topa Yunis Hüseynov imza atıb.

Xəbər xətti