"Aris" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Araz-Naxçıvan"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Yunanıstan təmsilçisinin baş məşqçisi Marinos Ouzounidis matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk dəfə deyil ki, Bakıya səfər edirəm. Daha əvvəl "Qəbələ" ilə oyun üçün bura gəlmişdim. Futbolçularım ilk dəqiqələrdən oyuna ciddi yanaşmalıdır. Sabah bizi çətin oyun gözləyir. "Araz-Naxçıvan"ın ötən mövsümdən bir neçə oyununu və bu mövsümdən öncə keçirdiyi iki yoxlama matçını izləmişik. Bizi nəyin gözlədiyini bilirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Növbəti mərhələyə vəsiqə üçün sabah üstünlük əldə etmək istəyirik.
- Start heyəti ilə bağlı qərar vermisiz?
- Heyət demək olar ki, müəyyənləşdirilib. Bir neçə oyunçu ilə fərdi söhbət aparmışam. Komandada hamı hazır deyil. Kollektivə gec qoşulanlar var. Təcrübəsi və keyfiyyəti olan futbolçulara üstünlük verəcəyik. Hamı meydanda tam gücünü qoymalıdır.
- "Araz-Naxçıvan" haqda hansı məlumatlarınız var?
- Kifayət qədər məlumatımız var. Onların oyunlarına baxmışıq. Lazım olan məlumatları əldə etmişəm. İndiki dövrdə futbolla bağlı istədiyin hər şeyi tapa bilərsən. Əminəm ki, rəqib də bizim haqda lazım olan məlumatları əldə edib.
- Komandanız 4 yoxlama oyununda 1 qələbə qazanıb. Bu, sizin üçün narahatlıq yaratmır?
- Xeyr, normaldır.
- Dediyiniz kimi Bakıya ikinci səfərinizdir. Həmin dövrlə müqayisədə Azərbaycan futbolunda nələr dəyişib? "Araz-Naxçıvan"dan başqa hansı klubumuz haqda məlumatınız var?
- "Qarabağ"ı avrokuboklarda hər il görürük. "Neftçi" haqda məlumatım var. Azərbaycan klublarının səviyyəsi getdikcə artır. 15-20 il əvvəllə müqayisədə keyfiyyətli legionerlər transfer edilir. "Araz-Naxçıvan"ın özündə kifayət qədər əcnəbi oyunçu var. Bu da onu göstərir ki, klublar yerlərində dayanmır, inkişaf edirlər, daha yaxşı nəticələr əldə etməyə çalışırlar.
- Hansı komponentlərdə rəqibdən üstünsüz?
- Mətbuat konfransı təhlilin yeri deyil. "Araz-Naxçıvan" avrokuboklarda ilk dəfədir ki, iştirak edir. Baş məşqçi orada çox yaxşı iş görüb. Komanda intizamlıdır, rəqibin müdafiəsini yarmağı yaxşı bacarır. Biz isə fərqli çıxış edirik. Öz çempionatımızda dominant futbol oynamağa çalışırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi