Berti Foqts dedi, 130 min dollardan imtina edib oynayacağı kluba getdi - yerli futbolçular üçün Anar Nəzirov nümunəsi

15:07 - 27 Noyabr 2025

Bu mövsüm Premyer Liqada legioner limiti aradan qalxandan sonra yerli futbolçuların şikayətləri artıb. Əksəriyyət heyətə düşə bilmir, rəqabətdə uduzurlar. Məsələnin bu tərəfini qabarda bilmədikləri üçün daha çox milli komanda üzərindən mövzunu ictimailəşdirirlər. 

Millinin baş məşqçisi Ayxan Abbasov həqiqətən də bu mənada çətinlik çəkir. Yığma üzvləri arasında klublarında davamlı oynamayanların sayı kifayət qədərdir. 

Amma "medalın iki üzü var". Bəlkə də ictimaiyyət bundan məlumatsızdır. Lakin imkanlı klublarda oynayan yerlilərin əksəriyyətinə təkliflər var. Amma onlar aşağı pula gedib davamlı oynamaqdansa, yaxşı qazanıb gününü ehtiyat oyunçular skamyasında keçirməyə üstünlük verirlər. 

Bu mənada yerli futbolçulara qapıçı Anar Nəzirovu nümunə göstərmək istəyirik. Berti Foqtsun yığmanı çalışdırdığı vaxtlarda Nəzirov "Qəbələ"də əsas heyətə düşə bilmirdi. Alman mütəxəssis ona yığmaya çağırılmaq istəyirsə, davamlı oynaya biləcəyi kluba getməyi tövsiyə etmişdi. Anar Nəzirov həmin söhbətdən sonra illik 130 min dollar maaşdan keçərək, qat-qat aşağı pula "Turan Tovuz"a getmişdi. 

Qeyd edək ki, Nəzirov bir il "Turan Tovuz"da çıxış etdikdən sonra "Qəbələ"yə əsas qapıçı kimi qayıtmışdı.

Sportal.az

Xəbər xətti