"Qarabağ"ın "iki cəbhədə vuruşması" yeni bir şey deyil. 10 ildən çoxdur ki, bu rejimdə çalışırlar. Amma şərtlər eyni qalmır, həmişə duruma, rəqibə görə dəyişir.
Dünənki "Kəpəz" məğlubiyyətindən sonra belə görünür ki, bu gedişlə çempionluğun əldən çıxması möcüzə kimi görünməyəcək. Bu minvalla hər şey elə ona doğru gedir.
"Qarabağ" var gücüylə Premyer Liqaya köklənsə, sözsüz ki, çempion olacaqlar. Hamıdan açıq-aşkar güclüdülər. Amma iş elə gətirib ki, Qurban Qurbanovun əlindəki heyət iki turnirdə uğurlu oynayacaq qədər geniş deyil. Əsas heyət Çempionlar Liqasında tarix yazır, amma ikinci heyət daxili çempionatdakı yükü qaldıra bilmir.
Qurban Qurbanov ya gərək əsas heyəti Premyer Liqa oyunlarında istifadə eləsin, ya da çempionluğu əsas tutmayıb Çempionlar Liqasında belə davam etməyə çalışsın. Təbii ki, tərəzinin gözündə Çempionlar Liqası daha ağır gəlir. Həm qazanc, həm imic, həm də reytinq anlamında "Qarabağ" bu turnirdə ən uğurlu dönəmini yaşayır.
Qurban Qurbanov "iki od arasında" qalıb. Bəlkə də düşünür ki, ÇL-də mübarizəni dayandırandan sonra bütün gücü Premyer Liqaya yönəldər. Amma o vaxta qədər də "qatar" getmiş ola bilər. "Sabah" böyük xal fərqi yaratsa, çatmaq çətin olacaq.
Həmid
saytlarin hazirlanmasi
