"Qəbələ" Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.
"Qırmızı-qaralar"ın qapıçısı Səlahət Ağayev matçdan sonra Sportal.az saytına müsahibə verib:
- Bizim vəziyyətimizi bilirsiz. Ancaq qələbə lazımdır. Bütün matçlara final oyunu kimi çıxırıq. Şükürlər olsun ki, son dəqiqələrdə qol vurduq və qələbə qazandıq.
- Qış fasiləsinin "Qəbələ" üçün faydalı olduğunu demək olar?
- Həmişə yaxşı oynayıb məğlub olurduq. Bəxtimiz gətirmirdi. Yeni transferlərimiz komandaya və baş məşqçinin tələblərinə tez uyğunlaşdılar. Hər şey istədiyimiz kimi gedir.
- Ardıcıl iki qələbədən sonra komandanın motivasiyası necədir?
- Əlbəttə ki, qələbə çox önəmlidir. Mövsümün ilk yarısında yaxşı oyun göstərsək də, qələbə çatmırdı. Artıq qələbələr var. Sona qədər mübarizə aparıb mövqeyimizi daha da möhkəmləndirmək istəyirik.
- Əsas rəqiblərinizdən olan "Karvan-Yevlax" turu məğlubiyyətlə başa vurdu. "İmişli" üzərindəki qələbəni 6 xala bərabər hesab etmək olar?
- Biz başqa komandalara baxmırıq. Mövsümün sonunda kimin neçənci yeri tutacağı hələ bəlli deyil. Hər komanda sona qədər mübarizə aparmalıdır.
- Rza Cəfərov transferini necə dəyərləndirirsən?
- Rza çox yaxşı qapıçıdır. "Neftçi"də oynayıb, performansı hamıya məlumdur. Gəncdir, onu bir qapıçı kimi bəyənirəm. Yaxın illərdə millimizin əsas qolkiperi ola bilər. Onda o potensial var. Əsas odur ki, mehriban və dürüst rəqabət olsun. Kimin oynayacağının mənim üçün fərqi yoxdur. Əsas komandamızın qələbə qazanmasıdır.
- Təcrübəli qapıçı kimi Rzaya dəstək olacaqsan yəqin ki...
- Tək Rza yox, Həbib Hüşənovu da qeyd edərdim. O da çox perspektivli qapıçıdır. Komandada inkişafın olması üçün sağlam rəqabət hər zaman lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi
