"Qarabağ"ın müdafiənin sol cinahına Jeremi Qnalini transfer etməsi ortaya suallar çıxarıb. Fransalı futbolçu kimin yerinə gəlib?
Anlaşılan odur ki, ya Elvin Cəfərquliyev, ya da Toral Bayramov "Qarabağ"ı tərk edəcək. Lakin bu məqamda da başqa sual ortaya çıxır. Bu iki futbolçudan biri hansı ölkənin klubuna keçə bilər?
Elvin Cəfərquliyevin adı daha çox İtaliya və Almaniya klubları ilə hallansa da, bu ölkələrdə transfer pəncərəsi artıq bağlanıb. Qalır başqa uyğun variantları nəzərdən keçirmək.
Bəlkə Çindən yaxşı təklif gəlib? Orada transfer pəncərəsi martın 5-də bağlanacaq. Belədə, gedəsi olan futbolçu "Nyukasl"la oyunlardan sonra yola düşə bilər.
Az inandırıcı olsa da, Birləşmiş Ərəb Əmirlikləri də mümkün variantlar arasındadır. Maaşlar yüksəkdir, yaxşı məvacib və transfer haqqı verməklə "Qarabağ"dan oyunçu götürə bilərlər. Amma bir məsələ var ki, BƏƏ-də transfer pəncərəsi fevralın 9-da bağlanır.
Türkiyəni də demək olar, lakin orada sabah transfer üçün son gündür. Ola bilər ki, bu iki futbolçudan biri, bəlkə də hər ikisi "Qarabağ"ı indi yox, yayda tərk edəcək.
Sportal.az
saytlarin hazirlanmasi
