Ötən mövsüm 15 yaşlı Amin Rzayevin "Qarabağ"ın əsas komandasında debüt etməsi diqqətçəkən hadisə olmuşdu. Lakin bu mövsüm Ramanazov gözdən uzaq düşüb.
Gənc futbolçunun durumunu öyrənmək üçün "Qarabağ" Futbol Akademiyasının idarəçisi Nail Kərimovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Nail bəy futbolçuyla bağlı ətraflı məlumat verdi:
"Amin Rzayev hal-hazırda "Qarabağ"ın əvəzedici komandasında çıxış edir. Maraq üçün deyim ki, ötən mövsüm əsas komandada debüt edəndə əvəzedicilərdə çıxış etmirdi. Qurban Qurbanov onun bərkiməsi üçün məsləhət gördü ki, daimi qaydada əvəzedici komandada olsun. Buna rəğmən zaman-zaman əsas komandaya da cəlb olunur, onun inkişafı nəzarətdə saxlanılır.
Mövsümün ilk yarısı Amin üçün çox sıx qrafikdə keçib. Əvəzedicilərlə yanaşı, UEFA Gənclər Liqasında U-19 komandasında, həmçinin yığmanın heyətində də oyunlara çıxıb.
Ona yayda da Premyer Liqa klublarından icarə təklifi olmuşdu, qışda da oldu. Amma Amin Qurban Qurbanovun məsləhətinə uyğun davranaraq, əvəzedici heyətdə bərkiməsini vacib sayıb".
saytlarin hazirlanmasi
