Jeremi Qnali transferini şərtləndirən səbəblər - Qurban Qurbanov islahatlara başladı

13:23 - 7 Fevral 2026

"Qarabağ"da müdafiənin sol cinahında Elvin Cəfərquliyev və Toral Bayramov ola-ola daha bir futbolçunun transfer edilməsi ortaya yeni ehtimallar çıxartdı. Ağıla gələn ilk səbəb budur ki, ya Elvin, ya da Toral "Qarabağ"ı tərk edir. 

Lakin sportal.az saytı Qnali transferinin əsl səbəbini öyrənə bilib. Qarşıdakı illər üçün daha möhkəm komanda qurmaq niyyətində olan Qurban Qurbanov müdafiənin sol cinahından o qədər də məmnun deyilmiş. Elvin Cəfərquliyev hücumlara yaxşı qoşulsa da, bəzi oyunlarda sona qədər sürətə ayaq verə bilmir. Torala gəlincə, o da Qurbanovun müdafiə planında gözləntilərini qarşılamır. 

Yeni gələn Jeremi Qnalinin əsas özəlliyi məhz düzgün müdafiə davranışı bacarığıdır. Bu transfer xüsusən avrokuboklarda güclü rəqiblərə qarşı oyunlarda daha etibarlı müdafiə olunmağa hesablanıb. 

Yayda Toralın və ya Elvinin "Qarabağ"ı tərk etmə ehtimalı böyükdür. Böyük ehtimalla, Bəhlul Mustafazadə və Nəriman Axundzadə də "Qarabağ"dan gedəcək. Qurban Qurbanov yenilənmənin, "qan dəyişikliyinin" labüd olduğunu qətiləşdirib. Daha yüksək səviyyədə oynamaq üçün daha güclü futbolçulara ehtiyac var. 

Xəbər xətti