Ayxan Abbasov: "Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi"

18:04 - 10 Fevral 2026

"Şamaxı" Misli Premyer Liqasının 19-cu turunda doğma meydanda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, meydanda xarakter göstərmək lazım idi. İlk hissə daha çətin keçdi. İkinci hissədə bir az hava düzəldi. Ümumən pis mübarizə aparmadıq. Rəqibimiz "Qarabağ"dır. Ən böyük problemimiz oyunun sonlarında qollar buraxmağımızdır. Futbolçulara bununla bağlı xəbərdarlıq edirik. Təəssüf... Orada elə böyük epizod da yox idi. Təəssüf ki, boşluq verdik. Yenə də mübarizələrinə görə uşaqlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- "Qarabağ"la kubokun cavab matçında da üz-üzə gələcəksiz. Mərhələ adlamaq şanslarınızı necə dəyərləndirirsiz?

- Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi matçlarda alınmır. Aqressivlik kubokun cavab oyununda bundan çox olmalıdır.

- Son dəqiqələrdə edilən dəyişikliklərin səhv olduğunu düşünmürsüz?

- Səhv deməzdim. Oruc Məmmədov özü əvəzlənmək istədi. Kərim Rossi yorulmuşdu. Oyuna girən futbolçuların səhvi yox idi. Səhv müdafiədə idi. Gördüz ki, müdafiə xəttinə əl dəymədik. 

- Bəhlul Mustafazadəyə verilməyən ikinci sarı vərəqə epizodu var. Siz necə düşünürsüz?

- Məncə də ikinci sarı vərəqə verilməli idi. Hətta dirsək epizodu oldu. O da müzakirə oluna bilər.

Elçin Əlixan

Xəbər xətti