"Qarabağ"ın prezidentindən "Neftçi"yə təşəkkür

22:33 - 12 Fevral 2026

"Qarabağ" FK-nın prezidenti Tahir Gözel Misli Premyer Liqasının 21-ci turunda "Neftçi" ilə keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün rəqib kluba xüsusi təşəkkür edib.

“Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələrək, Azərbaycan futbol tarixində yeni və əlamətdar səhifə açıb. Bu, təkcə klubumuzun nailiyyəti deyil, eyni zamanda ölkə futbolunun beynəlxalq arenada artan nüfuzunun və davamlı inkişafının göstəricisidir.

“Nyukasl” klubuna qarşı keçiriləcək pley-off mərhələsinin iki oyunu arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq, klub Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” PFK ilə keçirilməli olan oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb. Peşəkar Futbol Liqası da öz növbəsində Əsasnaməyə uyğun olaraq “Neftçi” PFK-nın razılığını alıb və qarşılaşmanın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözel bununla bağlı Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verib. O, göstərilən anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:

“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm.

“Neftçi” PFK-ya gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Xəbər xətti