"Qarabağ"ın bu mövsümkü nəticələri göstərdi ki, onlar doğru yoldadır və böyük inkişaf ediblər" - "Qarabağ" haqda

14:48 - 16 Fevral 2026

"Qarabağ"ın sabiq məşqçisi, hazırda Şimali Makedoniya futbol federasiyasında çalışan Borçe Xristov Sportal.az saytına açıqlama verib. 

Bu ölkənin "Tikveş" klubunda da baş məşqçi kimi işləyən Xristov "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışından danışıb.

Xristovun fikrincə, Ağdam təmsilçisinin bu cür nəticələrini təkrarlamaq çətin olacaq: "Qarabağ"ın etdikləri Azərbaycan futbolunun ən böyük uğurlarıdır. Həqiqətən də böyük nəticələrdir. Düşünürəm ki, heç kim bu cür nəticələr gözləmirdi. Avorpa futbolunun qrandları ilə mübarizə apardılar. Bilirik ki, Çempionlar Liqasında ən güclü turnirdir. "Qarabağ" bu nəticələri çox tez bir zamanda reallaşdırdı. Halbuki böyük klublar var, böyük tarixə malikdirlər, heç onlar belə nəticələri tez bir zamanda verə bilmirlər".

Şimali makedoniyalı mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasınının pley-off mərhələsində "Nyukasl"la görüşlərdəki şanslarından danışıb:

"Nyukasl" ən güclü və ən yaxşı komandalardan biridir. Onların böyük tarixi və ənənəsi var. İngiltərə Premyer Liqasında çıxış edirlər, bu da çox şeydən xəbər verir. Amma şans həmişə var. Allah qoysa, "Qarabağ" uğurlu nəticə qazanar. İstənilən kiçik şansdan belə, onlar istifadə etməlidir və edəcəklərinə də əminəm. "Qarabağ"ın bu mövsümkü nəticələri göstərdi ki, onlar doğru yoldadır və son 10 ildə böyük inkişaf ediblər. Dünya futbolunda klubların bu cür inkişaf etməsi, özü də çox tez yol qət etməsi, az-az görünən məsələdir. Ümidvaram ki, "Qarabağ" həm Bakıda, həm də İngiltərədə uğurlu çıxış edəcək".

Mirbağırağa

Xəbər xətti