"İmişli"nin kapitanı Azər Salahlı Sportal.az saytına müsahibə verib.
- "İmişli" artıq Premyer Liqadakı yerini qoruyub-saxladı. Demək olar ki, komanda bu mövsüm üçün əsas hədəfinə çatmış oldu? Bu mənada, Premyer Liqaya yeni vəsiqə qazanan komanda üçün uğurlu hesab etmək olar?
- Çox sevindirici haldır ki, çempionatına sonuna 3 tur qalmış Premyer Liqada qalmağı təmin etdik. Yüksək liqaya yeni vəsiqə qazanmış komanda üçün ilk ildəcə buna nail olmaq uğurlu nəticə kimi qeyd oluna bilər.
- Bu mövsüm komandanın kapitanı idin və stabil performans göstərən futbolçularının siyahısında öndə gedirdin. Mövsümü özün üçün uğurlu hesab edirsən?
- Düşünürəm ki, stabillik çox vacibdir. Fərdi və komanda şəklində yaxşı, uğurlu mövsüm keçirdik.
- Maraqlıdır ki, "Neftçi"də isə oynadığın zaman daha çox tənqid edilən futbolçu idin. "İmişli"də isə əsas güvənilən futbolçu oldun. Bu onu göstərir ki, böyük klubda təzyiq yüksək olur, yoxsa yanaşmaq fərqli idi sənə?
- “Neftçi” və “İmişli” təbii ki, fərqli hədəfləri olan klublardır. “Neftçi”də hər zaman istər azarkeşlər, istər futbol ictimaiyyəti maksimumu tələb edir. “İmişli”də ən çox çempionatında əvvəlində fərdi şəkildə öz üzərimdə bir az təzyiq var idi. Yeni qurulmuş komandada sənə inanıb, bura dəvət edən insanlar var idi, komandanın kapitanı olmağım da məsuliyyətimi daha da artırırdı. Şükürlər olsun ki, bunun öhdəsindən birlikdə gələ bildik.
- Son matçda "Qarabağ”la qarşılaşdınız. Həmin oyun necə keçdi?
- Hamı "Qarabağ"ın gücünü bilir. Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, çalışırdıq ki, ən yaxşısını edək. Yaxşı oynadığımızı düşünürəm.
- Bu mövsüm "Qarabağ"a, yoxsa "Sabah"a qarşı oynamaq çətin oldu?
- İstər “Qarabağ”, istərsə də “Sabah” bu mövsüm həqiqətən çox uğurlu mövsüm keçirdilər. “Qarabağ” bu mövsüm titulsuz qalsa da, Çempionlar Liqasında etdikləri, qazandığı uğurlar təkrarı çox çətin olan uğurlardır. Buna görə də hər iki cəbhədə mübarizə aparmaq çətin oldu. “Sabah” da həqiqətən çox gözəl və stabil mövsüm keçirdi. Düşünürəm ki, layiqli çempionluq qazandılar. Hər iki komandaya qarşı oynamaq çətin idi.
- "İmişli" ilə müqavilə müddətin başa çatır. Yeni mövsümdə də bu komandada qalacaqsan? Yoxsa 2026/2027 mövsümündə səni yeni komandada görəcəyik?
- Çempionatın sonuna hələ bir tur qalıb. Mövsüm başa çatdıqdan sonra bu haqda söhbət etmək olar.
- Bu mövsüm stabil oynasan da, milli komandaya cəlb edilmədin. Səncə, milliyə geri dönüşün üçün nə lazımdır, klubunun daha üst pillələrdə olması, yoxsa şəxsi performansını daha da yaxşılaşdırmaq?
- Hər bir insan özünə hədəflər qoyur. Mənim də ilk hədəfim stabil oynayıb, milli komandaya geri dönməkdir. Buna özümü tamamilə hazır hiss edirəm. Qarşıda millinin daha bir toplanışı olacaq. Milli komandada yer almaq hər zaman sevindiricidir.
- Bu mövsüm ev oyunlarınızı keçirdiyiniz Quba İdman Kompleksinin stadionu tez-tez və çox müzakirə edildi. Hətta rəqiblərlə müqayisədə bu stadionun sizin üçün əlavə avantaj olduğunu deyirdilər. Belə idi, yoxsa siz də orada oyundan-oyuna oynadığınız üçün özünüz üçün də belə stadionda çıxış etmək təhlükəli və uyğunsuz idi?
- Əlbəttə, biz də oyunlarımızı daha yaxşı meydançada keçirmək istəyərdik. Bizim də heyətimizdə keyfiyyətli, topla yaxşı bacarığı olan futbolçular yer alıb. Daha yaxşı meydançada, daha fərqli “İmişli” görürük. Bunu əsas nümunəsi də odur ki, qazandığımız bütün qələbələri səfər oyununda əldə etmişik.
Mirbağırağa
