Mövsüm yeni başlasa da, artıq bəzi futbolçular üzərinə diqqət çəkə bilib. İlk növbədə "Sabah"ı "Zirə"yə dəyişən Amin Seydiyevi deməliyik. Həmişə döyüşkənliyi, etibarlı müdafiə olunmağıyla seçilən Seydiyev son mövsüm "Sabah"ın ehtiyat qüvvəsinə çevrilmişdi. Lakin "Zirə"də yenidən "doğulan" Amin görürük.
Hələ "Sabah"da Murad Musayevin dönəmində rusiyalı mütəxəssis müsahibələrində qeyd edirdi ki, müdafiənin bir cinahında yer alan futbolçu daim hücumlara qoşulursa, digəri arxa xətdə qalır. Ad çəkməsə də, başadüşülən idi ki, Letiç cinahboyu oynadığı halda, Amin bu bacarığıyla seçilmirdi. "Zirə"də isə günü-gündən daha özgüvənli, hücumlara fəal qoşulan, cinahda ağalıq edən Seydiyev izləyirik.
Onun komanda yoldaşı Ayxan Hüseynovu da vurğulamaq olar. O, "Turan Tovuz"da yaxşı mövsüm keçirib. Belə görünür ki, "Zirə"də də əsas fiqurlardan biri olacaq. Ayxanı da Rəşad Sadıqovun güvəndiyi futbolçular sihayısına salmaq olar.
İlk turlarda diqqətçəkən yerli oyunçulardan biri də Namik Ələskərovdur. "Kəpəz"ə qayıdan hücumçu xoş təsir bağışlayır. "Turan Tovuz"la qələbə qazandıqları matçda məhz Namikin liderlik keyfiyyətləri, oyunu üzərinə götürmək bacarığı mühüm rol oynadı.
Belə mənzərə millimizin baş məşqçisi Ayxan Abbasovu da sevindirməlidir. Elə də geniş seçimi olmayan mütəxəssis üçün yaxşı formada olan hər bir yerli futbolçu tapıntı sayılır.
Həmid
saytlarin hazirlanmasi
