"Kəllə Azər" - "Şamaxı" Tovuz, Qəbələ və Gəncə səfərindən 5 xalla qayıtdı

14:05 - 5 Sentyabr 2026

Yuxarı məhəllədə bir Azər yaşayırdı. "Kəllə Azər" deyirdilər ona. Bizdən 5-6 yaş böyük idi. Hərdən sorağı biz tərəflərə də çatırdı. Çox yaxşı, hörməti olan biri idi. Mən də öz uşaq fəhmimlə onun vuran-tutan, xüsusən yaxşı kəllə atan olduğu üçün belə ləqəb aldığını düşünürdüm. Bizdən çox aralı qaldıqları üçün üzdən tanımırdım, açığı kimliyi barədə də düz-əməlli maraqlanmamışdım. Həmyaşıd deyildik axı. Ona görə yolumuz da heç bir məsələdə kəsişməmişdi.

İllər keçdi, Azər də unuduldu. Sonra eşitdim ki, həmin bu Azər böyük şirkətlərin birində idarəçi kimi çalışır. Çox təəccübləndim, marağıma gəldi ki, gününü davalarda, küçədə-bacada keçirən adam necə gəlib bu yerlərə çatıb.... Öyrəndim ki, sən demə dalaşqan deyil, çox savadlı olduğu üçün ona "Kəllə Azər" deyirlərmiş. 

Futbolumuzda da bir neçə Azər var. Soyadı Bağırov olan hara gedirsə, ortalığa nəsə çıxarmağı bacarır. Hazırkı dayanacağı "Şamaxı"dır. Klub rəhbərliyi elə düşünürdü ki, Ayxan Abbasovdan sonra işləri çox çətin olacaq. Əslində, "Şamaxı" kimi məhdud büdcə ilə mübarizə aparan klub üçün asan heç nə yoxdur. Hər xal qızıla bərabərdi, hər nəticənin arxasında ağır zəhmət dayanır.

Mövsümə "Qarabağ" məğlubiyyəti ilə başlayan "Şamaxı", ardınca Tovuz və Qəbələ səfərlərindən xalla qayıtdı. Dünən isə Gəncədə "Kəpəz"i darmadağın etdilər. "Şamaxı"da həm heyət, həm də sistem dəyişikliyi olub. Uyğunlaşma vaxt aparacaq. Amma artıq indidən də bir Azər Bağırov üslubunu görməyə başlamışıq. Hücumda rəngarənglik axtarışları, çəkingənliyə yer olmayan oyun tərzi və s. 

Azər Bağırov məşqçilik karyerasının böyük hissəsini aşağı liqa klublarında keçirib. Premyer Liqada isə "təcili yardım" kimidir. Harada pul azdırsa, vəziyyət mürəkkəb görünürsə, Azəri axtarıb tapırlar. Əslində, "Şamaxı" onun inkişafı üçün məqbul variant sayılmalıdır. Yanında Kamran İsmayılov kimi təcrübəli futbol funksioneri var. Rəhbərlik məşqçinin işinə müdaxilə etmir. Azarkeş təzyiqi də Gəncə, Tovuzdakı kimi deyil. Bir savadlı məşqçiyə daha nə lazımdır ki. 

Fikrət

P.S. Bir də ki, "Kəllə Azər" ləqəbi ona da yaraşar. 

 

Xəbər xətti