"Karvan-Yevlax" və "İmişli" ötən mövsüm Premyer Liqaya vəsiqə qazananda, AFFA İcraiyyə Komitəsi bu klublara bir il möhlət tanımışdı ki, infrastruktur və akademiya ilə bağlı işlərini səhmana gətirsinlər.
Yevlax klubu bir neçə ay ərzində stadionu Premyer Liqa standartlarına uyğunlaşdırdı, "İmişli" hərəkətsiz qaldı. Gözlənilən o idi ki, stadionu olmayan "İmişli" bu mövsüm Premyer Liqaya lisenziya almaz. Lakin federasiya bu məsələnin üstündən səssiz keçdi.
Anlaşılmayan qalan odur ki, "İmişli"yə yenə vaxt verilib, yoxsa bu mövzu tam qapanıb... AFFA-nın mətbuat xidmətindən verilən cavab bir qədər gözlənilməz oldu:
"Yevlaxın "Karvan" klubunun ev oyunlarını keçirdiyi stadion hazırda Premyer Liqa standartlarına tam cavab verir və Premyer Liqada çıxış edən “İmişli” bu stadiondan istifafə edə bilər. Mətbuatda yaranan bəzi suallara aydınlıq gətirərək bildirmək istəyirik ki, Peşəkar Futbol Liqasının reqlamentində və lisenziyalaşdırma qaydalarında klubların ev oyunlarını mütləq şəkildə öz təmsil etdikləri şəhərdə keçirməsi ilə bağlı hər hansı məcburi məhdudiyyət və ya tələb mövcud deyil. Əgər klubun öz stadionu standartlara cavab vermirsə, o, Azərbaycan Respublikasının ərazisində yerləşən və müvafiq standartlar cavab verən istənilən stadionda öz ev oyunlarını keçirmək hüququna malikdir".
Açıqlamadan belə anlaşılır ki, "İmişli" də, elə "Araz-Naxçıvan" da onilliklərlə doğma rayonlardan kənarda oynaya bilər. Halbuki İK-nın məlum qərarında qeyd olunmuşdu: "AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün bir illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi".
Maraqlıdır ki, İK-nın qərarında qeyd olunan "infrastruktur çatışmazlığı" nə demək idi? "İmişli"nin infrastrukturu yoxdursa və olmayacaqdısa, bir ilə nəyi düzəltməliydi, "infrastruktur" sözü bu qərarda nə üçün əksini tapıb?
SPORTAL.AZ
saytlarin hazirlanmasi
