“Kəpəz” PFK-nın yarımmüdafiəçisi Rəhman Hacıyev klubun Media və Marketinq Departamentinə müsahibə verib.
Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu çempionatın startı, “sarı-göylər”in hazırkı durumu, eləcə də həftəsonu “Qəbələ”yə qarşı gerçəkləşəcək oyun barədə fikirlərini bölüşüb.
- Artıq “Kəpəz” Misli Premyer Liqasının cari mövsümündə 3 oyun keçirib. Çempionatın startını “sarı-göylər” üçün necə qiymətləndirirsən?
- İlk öncə azarkeşlərdən danışmaq istərdim. Sonuncu dəfə stadionda bu qədər tamaşaçını, belə möhtəşəm ab-havanı “Neftçi”nin heyətində derbi oyunlarında görmüşdüm. “Kəpəz”in hər iki ev oyununda azarkeşlər tərəfindən inanılmaz dəstək var idi. Doğma meydanda keçirdiyimiz ilk matçda qələbə qazandıq. Bu, sevindirici haldır. Amma qələbələri ardıcıl etmək üçün vaxta ehtiyacımız var. Çünki komanda yenidən qurulub, baş məşqçimiz yenidir. Azər müəllimin özünəməxsus oyun üslubu var ki, buna öyrəşmək üçün zaman tələb olunur. Düşünürəm ki, vaxt keçdikcə daha yaxşı komanda kimi formalaşacağıq.
- Təəssüf ki, ötən turda “Şamaxı”ya 1:4 hesabı ilə uduzduq. Səncə, məğlubiyyətə əsas səbəb nə oldu?
- Oyunumuz istədiyimiz kimi alınmadı. Öz səhvlərimizdən qollar buraxdıq. “Şamaxı” ilə qarşılaşmanın videoyazısına baxmışıq, analizlər aparmışıq. Rəqibə çox boşluqlar vermişik. Oyunlara daha ciddi hazırlaşmalı, diqqəti artırmalıyıq. Xarakter göstərməliyik.
- “Şamaxı”ya qarşı 15 dəqiqə mübarizə apardın. Yeni mövsümdə debütün bir qədər gecikdi...
- Əslində, ilk ev oyunumuzda “Turan Tovuz”a qarşı meydançaya çıxa bilərdim. Lakin çempionatın startı ərəfəsində zədə aldığıma görə məşqçilər korpusu risk etməməyi, hələ gözləməyi məsləhət gördü. İndi özümü tam hazır sayıram. “Şamaxı”ya məğlubiyyəti qəbul edə bilmirik. Biz belə uduzmamalı idik. Amma futbolda qələbə də var, məğlubiyyət də. Çempionatda cəmi 3 oyun keçirmişik. Bizim üçün hər şey qabaqdadır. Azarkeşlər tərəfindən güclü dəstək var. Bu bizim üçün böyük motivasiyadır. Bundan istifadə edərək, növbəti turlarda qələbələr qazanmalıyq.
- Futbol həvəskarları Rəhman Hacıyevi yaxşı tanıyırlar, istedadına, potensialına bələddirlər. “Kəpəz”də karyeranın “ikinci bahar”ını yaşaya biləcəksən?
- Açığı, ötən il futbolçu karyeramı başa vurmaq istəyirdim, ancaq dostlarım imkan vermədilər. Dedilər ki, hələ tezdir. Mən futbolu çox sevmişəm. Amma bəzən elə olur ki, səni bundan diksindirirlər. Həmin ərəfədə “Kəpəz”dən dəvət aldım, mənə burada çox dəstək göstərdilər. Gəncə təmsilçisinin şərəfini qorumaq mənim üçün olduqca xoşdur.
- Sentyabrın 12-də doğma divarlar arasında “Qəbələ”ni sınağa çəkəcəyik. Bu oyundan gözləntilərin nədir?
- Bu futboldur, hər nəticə ola bilər. İstənilən halda, “Qəbələ” ilə görüşə ciddi hazırlaşırıq. Dünən iki məşqimiz olub. Düşünürəm ki, ötən matçda buraxdığımız səhvlərdən dərs çıxarıb bu dəfə meydançada yaxşı oyun göstərəcəyik. Azarkeşlərdən yenə həmin güclü dəstəyi gözləyirik. Bizə ən çox təsir göstərən məqamlardan biri odur ki, çoxlu sayda insan pul verib, bilet alır, vaxtını sərf edib stadiona gəlsə də, “Şamaxı” ilə oyunun sonunda stadionu məyus tərk etdi. Onların önünə başıdik, üzüağ çıxmaq istəyirik. “Qəbələ” ilə oyuna qələbə üçün çıxacağıq.
saytlarin hazirlanmasi
