"Neftçi"nin məğlubiyyəti mənim üçün sensasiya oldu" MÜSAHİBƏ

17:52 - 26 İyul 2013

Georgi Nikolov: "Xəzər Lənkəran"ın böyükhesabla məğlubiyyəti məyusedicidi" 
 
"İnter"in prezidenti Georgi Nikolovun Sportal.az saytına müsahibəsi
 
- “İnter”in oyunundan məmnun qaldınız? 
- Oyun xoşuma gəldi, ancaq nəticədən razı qalmadım. Daha çox top vurub bu mərhələni keçmək lazım idi. 
 
- “Tromse”ni keçmək olardımı”
- Əlbəttə ki, keçilməyən komanda yoxdu. Yalnız nəhəngləri çıxmaq şərtilə. “Tromse” səddini keçmək istəyirdiksə, gərək səfərdəki oyunda 2 top fərqilə məğlub olmayaydıq. Ən azından qol vurmaq lazım idi. Norveç təmsilçisi müdafiədə düzgün və etibarlı oynadı. Belə bir komanda ilə oyunda ən azı bir top vurmaq lazım idi ki, evdə qalib gələk və mərhələni keçək. Hətta onlar hər iki oyunu elə də yaxşı oynamadılar. Bundan istifadə edib mərhələ keçməyimiz vacib idi. Buna baxmayaraq, yenə də bacarmadıq və avrokuboklarla vidalaşdıq. 
 
- “İnter”in mərhələ adlaması üçün nə çatmadı?
- Əsas səbəb birmənalı şəkildə lazımı fürsətlərdən istifadə etməməyimizdi. Bir də ki heç nədən qapımızdan iki top buraxdıq. Bir qədər etibarlı oynasaydıq,  səfərdən sərfəli nəticə ilə qayıtmaq olardı. 
 
- Oyunu izləyən mütəxəssislər yeni transferlərin "İnter"ə xeyirli olmadıqlarını bildirib. Siz necə düşünürsüz?
- İki oyunla futbolçuların komandaya xeyir vermədiyini söyləmək əsassızdı. Mən hesab edirəm ki, komandaya cəlb olunan futbolçuların "İnter"ə köməyi olacaq. Bilirəm, sizlər İaşvilini çox tənqid edirsiz. Amma mənə elə gəlir ki, çox təcrübəli və komandaya fayda verən bir futbolçudu. Düzdü, ola bilər ki, hələ tam komandaya uyğunlaşmayıb, ona bir qədər vaxt lazımdı. O cümlədən, Vaqif Cavadovun da oyununu bəyənmirlər və tənqid edirlər. Lakin başa düşmək lazımdı ki, komandasını dəyişib, yeni baş məşqçinin himayəsi altında işləyir. Onun yeni kollektivə və komandya uyğunlaşması üçün vaxt lazımdı. 
 
- Hamı adətən deyir ki, yeni transferlərin uğursuz çıxışına komandaya uyğyunlaşmamasını bəhanə gətirilər. Bəs təlim-məşq toplanışı nəyə gərəkdi?
- Yeni futbolçular birdən-birə komandaya oturuşa bilməz. Onlar təlim-məşq toplanışında müəyyən vaxt keçsə də, amma hələ o demək deyil ki, futbolçu komandaya uyğunlaşıb. Hardasa Azərbaycana gələndən sonra onlar burda da adaptasiya keçir. Bunlar hamısı şərtdi. Elə bilməyin ki, klubun transfer siyasətini müdafiə edirəm. Ancaq yenə də yeni oyunçuların çempionatda "İnter"ə böyük köməyinin dəyəcəyinə inanıram. 
 
- Onda növbəti mövsüm üçün “İnter”i çempion hesab etmək olar?
- (Gülür). Çempionat hələ başlamayıb, siz bizim məqsədimizi açıqlayırsız. Sözsüz ki, hədəf çempionluqdu. Bu heyətlə də istəyimizə çatacağıq. Yeri gəlmişkən növbəti mövsümdə komandanın 10 illiyidi. Ona görə də bizim əsas hədəflərimizdə həm çempionluq, həm də kubok var. Bununla da gələn mövsüm “qızıl dubl” etməyə çalışacağıq. 
 
- Digər klublarımızın avrokuboklarda çıxışına baxdınızmı?
- Başımız öz komandamıza qarışdığı üçün digərlərinin oyununu izləyə bilmədim. Yalnız nəticələrdən xəbərim var. “Xəzər Lənkəran"ın böyükhesabla məğlubiyyəti məyusedicidi. Onların avrokuboklarda məqsədyönlü olduqlarını bilirdim. Lakin gözlənilmədən uduzdu. Pis heyəti yoxdu. Güclü futbolçular heyətdə yer alıb. Lakin belə bir məğlubiyyət hamıya pis təsir etdi. Orada nə baş verdiyini deyə bilmərəm. Bu, mənim üçün də qaranlıq qalır. 
 
- "Neftçi"nin də məğlubiyyəti sizin üçün gözlənilməz oldu?
- Bu, mənim üçün sensasiya idi. Necə də olmasa "Neftçi" ötən il Avroliqanın qrup mərhələsində oynamış komandadı. Digər tərəfdən "Skenderbeu" ilə müqayisədə "Neftçi" onlardan qat-qat güclü komanda idi. Hər halda “Skenderbeu” kimi komandanı məğlub etmək gücündə idi. Ona görə də "Neftçi"nin məğlubiyyəti mənim üçün sensasiya oldu. Yeganə “Qarabağ”ın mərhələ keçməsi hamımızı sevindirdi. Ən azından Azərbaycana reytinq cədvəlində xal yazdırdı. 
 
Şahin OĞUZ

Xəbər xətti